!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 yaşında ərə gedib evdə uşaq doğan qızın faciəsi

!Reklam – Yazi

Bakıda 15 yaşında ailə quran yeniyetmə qızın evdə doğuş həyata keçirməsi və xəstəxanada vəfat etməsi məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib. Məlumata görə, Lənkəran rayonu, Daşdatük kənd sakini, 1993-cü il təvəllüdlü Mayıl Hadıyev 2021-ci ildə həmkəndlisi, 2006-cı ildə anadan olmuş Güllü Babayeva (ad və soyad şərtidir) ilə toy mərasimi edərək ailə qurub. Lakin qız yetkinlik yaşına çatmadığından onların izdivacı rəsmi qeydiyyata alınmayıb. Daha sonra onlar Bakı şəhəri, Binə qəsəbəsində G.Babayevanın anasının evinə köçərək yaşayıblar. Bu ilin fevralında 16 yaşına çatmayan qız hamiləliyin son ayında evdə uşaq dünyaya gətirib. Nəticədə körpə boğazına cift dolanması səbəbindən ölüb, ağır vəziyyətdə xəstəxanaya gətirilən Güllü Babayevanın da həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzə çıxdıqdan sonra M.Hadıyev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə mərhum G.Babayevanın anası bildirib ki, Mayıl cinayət məsuliyyətindən yayınmaq üçün doğuşun evdə olmasını tələb edib:

“Güllü mənim yeganə uşağım idi. 27 aprel 2021-ci il tarixdə Güllü öz istəyi ilə Mayılla Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivindəki evimizdə nişanlandı. Nişandan təxminən bir həftə sonra Mayılın anası və Mayıl Güllünü 3-4 günlük Lənkəran rayonu, Daşdatük kəndinə gəzməyə aparmaq istədiklərini dedilər. Qızımın da istəyini nəzərə alıb etiraz etmədim. 4 gün sonra zəng edərək qızı nə vaxt geri gətirəcəklərini soruşdum. Mayılın anası Güllünün artıq onun gəlini olduğunu dedi. Polisə şikayət etmək istəsəm də, qızım şikayət etməməyimi, yoxsa onu bədbəxt edəcəyimi, öz istəyi ilə Mayıl ilə cinsi əlaqədə olduğunu dedi.

Təxminən iki ay sonra Güllü Bakıya gələrək hamilə olduğunu dedi və Mayılla birgə mənim evimdə yaşamağa başladı. 9 aylıq hamilə olanadək mənimlə birgə yaşayıb. 5 fevral 2022-ci il tarixə Güllünün doğum vaxtı müəyyən edilmişdi. Fevralın 4-də vəziyyəti ağırlaşdı. Mayıl qızımı xəstəxanaya aparacağım halda məni və qızımı öldürəcəyini dediyi üçün uşağın doğumuna kömək üçün ara həkimi çağırdım. Uşaq doğulsa da, cift boğazına dolandığı üçün öldü. Güllünün çoxlu qan itirdiyini görüb təcili tibbi yardıma zəng etdim və onu 3 saylı şəhər xəstəxanasına apardıq. Lakin qızım çoxlu qan itirdiyindən xəstəxanada öldü. Yeganə övladım olan Güllü və onun doğulmamış uşağı öldüyündən Mayıldan şikayətçiyəm, ona ağır cəza təyin edilməsini xahiş edirəm”.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində hüquqi savadı olmadığından 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratmasını bilmədiyini deyib.

Xəzər Rayon Məhkəməsi M.Hadıyevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 29 yaşlı M.Hadıyev məhkəmə zalındaca həbs edilib./Qafqazinfo/

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv