!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

16 yaşından dünya turunda olan pantomim sənətçisi: “Azərbaycanda həyat bahalıdır” - MÜSAHİBƏ

!Reklam – Yazi

Həmin gün evdən tamam başqa məqsədlə çıxmışdım. Musiqili Teatrda gənc rejissor Ərtoğrul Kamalovun səhnələşdirdiyi “Psix” tamaşasının ikinci premyerasına  gedirdim. Nizami küçəsindən keçərkən uzun müddətdir sosial şəbəkələrdə videolarını gördüyüm  pantomim sənətçisinin maraqlı çıxışı diqqətimi çəkir və ayaq saxlayıb onu izləyən izdihama qoşuluram. Bir-birinin ardınca üç səhnəcik, marağın və heyrətin yerə kilidlədiyi onlarla tamaşaçı… Onu yaxından tanımaq istəyimə mane ola bilmirəm və izdihamı yarıb iti addımlarla istedadlı gəncə yaxınlaşıram. Özümü təqdim edərək çay içməyi təklif edirəm. Təklifimi məmnunluq və sevinclə qarşılayır. Ancaq işinin yarım saat sonra bitəcəyini bildirir. Tərs kimi də tamaşanın başlamağına yarım saat qalıb. Tərəddüd etdim bir qədər, amma Fərhadın Azərbaycanda qonaq olduğunu biləndən sonra düşündüm ki, dostum Ətoğrul məni bu dəfəlik də bağışlayar(ilk premyerada da işim çıxdığı üçün iştirak edə bilməmişdim). Fərhadla maraqlı söhbətdən həm özümü, həm də oxucuları məhrum etmək olmazdı. Fərhad Qılınc küçələrdə bir kəlimə danışamadan yazdığı səhnələri nümayiş etdirir. Tamaşanı sözləri ilə deyil bədən dili ilə çatdıraraq insanları həm güldürür, həm düşündürür, həm də kövrəldir.

İlk insanların hərəkətləri qədər qədim olan pantomim sənətini icra edən və bunu dünya küçələrinə daşıyan Fərhad Qılıncla pantomim sənətindən, həyat hekayəsindən, dünyada başına gələnlərdən danışdıq.

 

– Bir az səni tanıyaq. Kimdir Fərhad Qılınc. Nə vaxtdan başlayıb pantomimlə dünya macəran?

– Ankarada olduqca mühafizakar bir ailənin ilk övladıyam. 13 yaşımdan bəri küçə sənəti ilə məşğulam. Orta təhslliyəm. Nə lisey oxudum, nə universitet bitirdim. Əslində sənətlə ilk tanışlığım 9 yaşımda olub. 9 yaşımda həvəskar olaraq rəqslə məşğul olmağa başladım. 13 yaşımda artıq küçələrə açılmağa başldım. Hazırda 27 yaşım var. Təxminən 16 yaşımdan dünyanı gəzirəm. 15 yaşımda ilk dəfə “Mənimlə rəqs edərsənmi?” adlı televiziya yarışmasına qatıldım. Ara-sıra müğənnilərin kliplərində rol aldım. Qısa müddət də olsa teatr səhnəsində oynadım. Amma bunların heç biri məni xoşbəxt etmirdi. Çünki mənim istədiyim əsla pul qazanmaq, şöhrət olmaq deyildi. Türkiyənin 81 bölgəsini gəzib bitirdikdən sonra düşündüm ki, artıq dünya turuna çıxmaq lazımdır. Dünya turuna çıxdıqda mən istədiyimi tapdım. Müxtəlif ölkələrin küçələrində sənət göstərmək məni həddindən artıq xoşbəxt edir. Özümü bir yerə aid hiss etmirəm.

– Mühafizakar bir ailədə doğulduğunu söylədin. Ailən kiçik yaşlarından təhsildən yayınıb küçələrdə rəqs edib, tamaşa göstərməni necə qarşıladı?

– Əlbəttə ki, ənənəvi  türk ailələri kimi normal qarşılamadılar. Hələ də elədir vəziyyət. Onlar hər zaman övladlarının indikindən fərqli bir gələcəyinin olmasını, oxumasını, sığortalı bir işdə çalışmasını istəyirdilər. Onların fikrincə mənim çox səfil və pis bir həyatım var(gülür). Hələ də deyinirlər. “Gəl səni sığortalı işə qoyaq, evlən oğul-uşağa qarış” deyirlər. Özümü hələ də onlara ifadə edə bilmirəm, məni anlamırlar. Nəyi bacardığımı görürlər. 13 yaşımdan olardan bir qəpik pul almadan özümü yetişdiridiyimi, televiziya proqramlarına çıxdığımı, insanların mənə münasibətini görürlər. Amma orda da qalır. Fikirləri dəyişmir.

-Dünya turu səni bir növ xilas edib deyə bilərik?

– Türkiyədə də ailəmlə ayrı evlərdə yaşayırıq. Allahdan çox az görüşürük. 16 yaşımda Türkiyədən çıxdım 20 yaşımda Türkiyəyə qayıtdım. 20 yaşımda yenidən dünya turuna çıxdım. 4 il  gəzdim və 4 il sonra Ankaraya qayıtdım bir il qaldıqdan sonra yenidən yola çıxdım. Yollarda böyümüşəm deyə bilərəm(gülür).

-Pandemiya dövründə nə etdin harda idin?

– Pandemiya dövrünü Ankarada keçirtdim. Amma küçə sənətini nümayiş etdirməkdən bir gün belə qalmadım. Hazırda mənim Türkiyədə küçəyə çıxma qadağasını pozduğum üçün dövlətə 48 min  lirə borcum var. Küçədə heç kim olmasa belə çıxıb sənət göstərirdim.

-İlk getdiyin ölkə hara olub və hazırda neçənci ölkədəsən?

-İlk getdiyim ölkə Macarıstan olub. Hazırda fotolarla isbatlaya bildiyim 27-ci ölkədəyəm.  Bundan əvvəl mobil telefonum, sosial şəbəkə hesabım olmadığı üçün əvvəl gəzdiyim ölkələrdən fotolar, qeydlər yoxdur. Ümumilikdə 40-a yaxın öllkədə olmuşam.

-Mobil telefondan istifadə etmədiyini dedin. Bu olduqca qəribə səsləndi.

-Bunun fərqindəyəm. Heç vaxt mobil telefondan istifadə etməmişdim. Texnologiya, sosial media məni heç bir şəkildə cəzb etməyib. Təxminən dörd ay olar ki, mobil telefon almışam və İnstagram hesabı açmışam.

-Maraqlıdır bəs getdiyin ölkələrdə telefon, internet olmadan necə qala bilirdin. Nəticədə tanımadığın ölkələrdir və azma riskin yüksəkdir.

-Getdiyim ölkələrdə azmamaq üçün fotoaparatımla keçdiyim küçənin adlarının yazıldığı lövhələrin şəkilini çəkirdim. Azdığım zaman yerli əhaliyə göstərirdim o şəkildə yolu tapırdım. İngilis və ispan dillərini bilirəm bu mənim bir çox ölkələrdə köməyimə çatır.

– Küçə sənəti ilə məşğul olan insanların ruh halı tam olaraq anlaşılmır. Məsələn çox insan elə başa düşür ki, küçə sənəti ilə məşğul olanların məqsədi sadəcə pul qazanmaqdır. Sənin üçün küçə sənəti ilə məşğul olmaqda məqsəd nədir?

-Bu işlə məşğul olmaqda məqsədim heç vaxt pul qazanmaq olmayıb. Pul mənim üçün sadəcə bir yerdən, digər yerə getmək üçün vasitədir. Mən küçələrdə toplanan pullarla ev, ya da maşın ala bilmərəm. Bu mümkün deyil. Uzaq başı yemək yeyərəm, bir hosteldə qalaram, təyyarə bileti alaram. Toplanan pul ilə qaldığım ölkədə yaranan xərclərimi təmin edirəm vəssalam.

– Orta təhsilli olduğunu söylədin. İstedadını ali təhsil ilə birləşdirib daha da təkmilləşdirmək haqqında düşünmədinmi heç?

-Heç vaxt düşünmədim. Belə bir arzum olmadı. Mənim üçün universitet sadəcə vaxt itkisidir. Oxuduğum müddətdə hardan baxsan 5-6 il itirirəm və mən düşündüm ki, bu zaman ərzində daha çox ölkə gəzib, daha çox mədəniyyətlərlə tanış ola bilərəm. Yeni inanlar tanıyaram, sənətçilərlə birlikdə olaram.

– Çox oxuyan yox çox gəzən çox bilər məsəlindən  yola çıxmısan bir sözlə.

-Eynən. Bir məsələ də var. Axı mənim normal insanlar kimi dünyəvi hədəflərim yoxdur. Bu işin təhsilini alsam nə olacaq, almasam nə olacaq.

– Dünyada ən çox tanınan pantomim sənətçiləri Marsel Marso, Çarli Çaplin, Lorel ve Hardi səssiz kino dövründən bu növün ilk təmsilçiləri olaraq qəbul olunur. Amma buna baxmayaraq pantomim geniş kütlələrə xitab edən bir sənət növünə çevrilə bilməyib. Küçə sənətinə pantomimlə başlamaq fikri necə yarandı?

– Doğrudur pantomim istər Türkiyədə, istərsə də dünyada çox yayılmış bir sənət növü deyil. Məsələn 80 milyonluq Türiyədə bu işlə 3-5 nəfər peşəkar məşğul olan sənətçi ya var, ya yoxdur. İstanbulda bir dənə pantomim teatrı var idi onu da bağladılar. Pantomim deyildiyi zaman insanların ağlına ancaq kloun gəlir. Uşaqlara xitab olunan bir sənət növü düşünülür.

Ona görə də mən səhnəciklərimi bir az daha dramatik qurmağa, isanlara o hissləri səssiz şəkildə çatdırmağa çalışıram. Çünki pantomimin təkcə komediya tərəfini deyil, dram tərəfini də inkşaf etdirmək lazımdır.

-İnsanların uca səslə deyə bilmədiklərini sən səssiz deyirsən. Çətin deyilmi?

– Əslində daha asandır. Mən  dünyanı gəzirəm və dillərini bilmədiyim xalqlarla qarşılaşıram. Pantomim bu baxımdan ən ideal sənət növüdür. Çünki sən insanlara danışmadan nə demək istədiyini çatdıra bilirsən. Bu çox möhtəşəm bir şeydir. Sənin dilini bilməyən insanlar saatlarla dayanıb sənə baxır, gülür, kövrəlir. Pantomim sənətinin gücü bu mənada inanılmazdır. Amma mim sənəti kənardan gördüyün kimi asan sənət deyil. Səbr və uzun müddət əmək istəyir.

-Səhnəciklərin ssenarilərini özün yazırsan çox güman. Belə çıxır ki, yazarlıq qabiliyyətin də var?

– Ədəbiyyatı çox sevirəm. Bəli səhnəciklərin ssenariləri mənə məxsusdur. Oxumaq qədər yazmağı da sevirəm. Hətta şeir kitabım var. Kitab oxumağı çox sevirəm. Əsla kitabları seçmirəm. Çünki mənim üçün ədəbiyyatda bəlli bir kriteriya yoxdur. Əlimə nə düşsə oxuyuram. Mütəmadi olaraq yollarda olduğum və tək səfər etdiyim üçün bu bir müddət sonra darıxdırıcı ola bilir. Kitablar mənim yol yoldaşım olur bu məqamda. Təbiət olaraq həssas və kövrək insanam. Ona görə də daha çox poeziyaya yaxınam.

-Fərhad bu qədər ölkə gəzmisən. Ən çox pulu hansı ölkədə qazanmısan?

-Pula çox əhəmiyyət vermədiyim üçün hansı ölkədə daha yaxşı qazandığımı sinifləndirmək istəmirəm. Amma Çexiya, Almaniya, İtaliya və Azərbaycanda sənətə maraq olduğu üçün sanki bir qədər daha çox qazanmışam kimi gəlir mənə. Pulun mənə təyyarə bileti yemək və getdiyim ölkələrdə tələbatlarımı qarşılamaqdan başqa verə biləcəyi heç bir şey yoxdur. Getiyim ölkələrdən ən çox qazancım hörmət, sevgi olur.

“Hindistanda son puluma çiçək alıb satdım”

 

-Müxtəlif ölkələrdə, müxtəlif  mədəniyyətlərlə tanış olursan. Bu əlbəttə möhtəşəm bir şeydir. Amma çətinliklər də olmamış deyil. Nəticədə tanımadığın ölkədə dilini bilmədiyin insanların arasına düşürsən və başına hər an xoşagəlməz hadisələr gələ bilər. Səyahət etdiyin ölkələrdə başına gələnlərdən danışaq bir az.

– Əlbəttə çox olur.  Ən çox çətinlik çəkdiyim ölkələrdən biri Hindistan olub. Hindistanda heç cür tamaşa göstərə bilmirdim. Bunun səbəbi də küçələrdə işimi görə biləcəyim uyğun, təmiz bir məkanın olmaması idi. İnsanlar küçələrdən ayaqyolu kimi istifadə edirlər. Hər tərəf natəmiz idi. O insanların mənim göstərdiyim sənətdən nə isə anlaması mümkün deyildi. Hindistan turum çox da uğurlu olmamışdı. Cibimdə qalan sonuncu 30 dollara çiçək alıb satmağa başladım. O şəkildə digər ölkəyə keçmək üçün az miqdarda pul qazana bildim. Qazandığım pul o qədər az idi ki, ancaq avtobus bileti almağa çatdı.

“Əl edib saxlatdırıb mindiyim maşın oğurluq çıxdı”

 

Vetnamda başqa bir məkana getmək üçün yolda əl edib yol maşını saxlatdırmışdım. Sən demə maşını oğurlayıblar. Bir neçə dəqiqə sonra gördüm maşının arxasınca polislər gəlir. Məni maşını oğurlayanlarla birlikdə polis bölməsinə apardılar. Oğrular da mənim maşını əl edib saxlatdırdığımı demirlər. Çünki maşını oğurlayanlar dörd nəfərdir və cəza dörd nəfər arasında yox, beş nəfər arasında bölünsün və onlara az cəza düşsün deyə mənim təsadüfən maşını saxlatdırıb mindiyimi demirlər. Dillərini bilmədiyim üçün mən də özümü ifadə edə bilmirəm. Təxminən iki saat yarım Vetnamda nəzarətxanada qaldım. Sonra çantamı gətirmələrini xahiş etdim. Pasportumu göstərdikdən sonra məni buraxdılar.  Amma o gün yaşadığım qorxu bir ömür boyu mənə bəs etdi (gülür).

 

“Meksikada narkobaronlar tərəfindən qaçırılacaqdım”

 

Meksikada  narkobaronlar tərəfindən qaçırılacaqdım az qala. Hadisə belə baş vermişdi; küçədə tamaşa göstərdiyim zaman gördüm məni izləyirlər. Gözlədilər işim bitəndən sonra məni izləməyə davam etdilər. Dalanların birində məni tutub sıxışdırdılar. Üsütümə silah çəkdilər. Pul istəyirdilər təbii ki. Mənim də çantamın həmişə gizli cibi olur. Az pulu üstdə saxlayıram, çox pulu həmin gizli cibdə qoruyuram. Az-çox bilirəm nə var, nə yox. Bilirəm ki, az pulu göstərsəm buraxacaqlar məni. Çantamı açdım pulu göstərdim. Bir pula baxdılar, bir mənə. Gördülər pul azdı məni itələyib çıxıb getdilər.

 

-Azərbaycanda özünü necə hiss edirsən. Burda insanların reaksiyası necə təsir bağışlayır sənə?

– Azərbaycan gəzdiyim ölkələrin içində özümü ən rahat hiss və təhlükəsiz hiss etdiyim yeganə ölkədir. Normal şərtlərdə getdiyim ölkələrdə 1-2 həftədən çox qalmıram. Amma 2 ay olacaq Azərbaycandayam və burda olmaqdan xoşbəxtəm.

-Fərhad nə zamana kimi davam edəcək tənha səfərlərin. Evlənmək haqında düşünürsənmi?

-Mənim kimi bir insanla kiminsə evlənmək istəyəcəyini düşünmürəm açığı (gülür). Amma istəmirəm də deyil. Çünki tənhalıq çox çətindir. Təsəvvür edin İtaliyadasan çox gözəl bir qəhvə içirsən, dadlı bir pizza yeyirsən, gözəl məkanlarda olursan, amma onu heç kimlə paylaşa bilmirsən.

-Dünya turun davam edir. Gələcəyə dair bir planların nədir?

-Mənim düşündüyüm şeyin reallaşması imkansız kimi görünür. Gələcəkdə ən böyük arzum səyahət edən bir sirkimin olmasıdır. At arabaları ilə, səyahətə çıxacağım bir komandamın olmasıdır ən böyük xəyalım. Hər getiyimiz ölkədə karnavallar təşkil etmək istərdim. Bunu  etmək üçün mənə sponsor lazımdır. On il də pul toplsam bunu edə bilmərəm. Nsbətən real görünən arzum isə bütün ölkəni gəzib Çarli Çaplin kimi tanınmaqdır. Bu daha əlçatan görünür (gülür).

-Gündə neçə saat tamaşa göstərirsən. Küçə sənəti ilə məşğul olmağın ən çətin tərəfi nədir?

– 8 saat. Getdiyim ölkələrdə hava şəraiti dəyişir. Bir ölkədə +50 dərəcədə günün altında küçədə tamaşa göstərirəmsə, başqa bir ölkədə  – 10, -20 dərəcə şaxtada, başıma qar yağa-yağa tamaşa göstərirəm. Bu işin ən çətin tərəfi də odur.

-Səncə Azərbayan digər ölkələrə nisbətən bahalı bir ölkədir?

-Azərbaycanda həyat burda yaşayan insanlara görə bahalıdır. Məsələn mən hazırda hosteldə qalıram. Hər günə 5 manat ödəyirəm. Yemək- içmək deyərkən gün ərzində 30-40 manat xərcim olur. Bir də boyalarım bitir. Boyalar çox bahalıdır. 30-40 manatdır qrim boyaları. Dörd gündən bir bitir almalıyam.

-Söhbətimizdən belə anladım ki, sən dövrün dərvişisən. Belə bir dünyada yaşamaq sənin üçün nə qədər çətindir?

-Əgər normal insanlar kimi yaşasaydım mənim üçün dəlixana olardı bu dünya. Səhər 8-də işə gedib, axşam 6-a kimi işləyib evə gələn, həftədə iki dəfə istirahət günümü ancaq evdə yataraq keçirən, kreditlə ev, maşın alıb bütün ömrüm boyu işləyib onların kreditini ödəyib, 60-70 yaşıma çatanda da pensiyaya çıxan insan olmayacağıma görə bu halım mənim işimə yarayır. Həyatımın bu şəkildə bitməsini istəməmişəm heç vaxt. 60 yaşımdan sonra pensiya alsam nə olar, almasam nə olar. Mənim üçün bu gün əhəmiyyətlidir. Normal insanlar kimi yaşamağı düşünmədiyim üçün dünya mənim üçün bir az daha gözəlləşir deyə bilərəm(gülür).

 

-Hədəfdə hansı ölkələr var. Burdan hara gedəcəksən məsələn?

-Asiya turuna başlamağı düşünürəm. Burdan Tailanda gedəcəm./Günel Musa\voicepress.az

www.yenicag.az

1264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv