7 mərhələli “Yol xəritəsi” PKK probleminə son qoyacaqmı?
Qabil Hüseynli: “Milli azlıqların hüquqları ilə bağlı elə böyük tələblər irəli sürülür ki, onu həyata keçirmək mümkün deyil”
Ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalanın PKK-ya fövqaladə qurultay çağırışından sonra 7 mərhələli “Yol xəritəsi” üzə çıxıb.
Mərhələlər bunlardan ibarətdir. 1.Hökumət və HDP-nin ortaq qərarlaşdırdığı 14 nəfərlik monitorinq qrupu İmralı adasına gedəcək. 2.PKK-nın qolu olan KCK-nin (Kürdüstan Cəmiyyətləri Birliyi) həbsdə olan xəstə üzvləri azad ediləcək. 3.İmralı adasında Öcalanın yanında olan məhkumlar dəyişəcək. 4.Bahar aylarında PKK qurultay keçirərək atəşkəsi açıqlayacaq və silahlarını təslim edəcək. 5.Hökumət öhdəsinə düşən addımları atmağa başlayacaq. 6.Monitorinq qrupu öhdəliklərin yerinə yetirildiyini bildirsə növbəti mərhələyə keçilməsi üçün proses başlayacaq. 7. Öcalanın razılığından sonra hüquqi və vətəndaş cəmiyyəti nümayəndəliyi qurmaqdan ibarət mərhələyə keçiləcək.
Görəsən, bu addımlarla Türkiyə nəhayət 30 ildən çoxdur üzləşdiyi bu problemdən birdəfəlik yaxa qurtara biləcəkmi?
Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bu barədə danışmağın hələ tez olduğu qənaətindədir: “PKK problemindən yaxa qurtarmaq açığını deyim ki, həm də Türkiyənin davranışlarına bağlı bir məsələdir. Türkiyə çox ziqzaqlı siyasət yürüdür. Zaman-zaman çoxlu siyasi reveranslar edir. Təbii ki, bu Avropa Birliyini müəyyən qədər mütəssir edir. Bu nöqteyi-nəzərdən 7 mərhələli “Yol xəritəsi” sözsüz ki, Türkiyəyə edilən böyük güzəştdir. Amma Türkiyə bu mərhələdə nəzərdə tutulan dəyişiklikləri həyata keçirməlidir. Eyni zamanda, Avropa Birliyi də elə tələblər irəli sürməlidir ki, onu Türkiyə kimi çoxmillətli ölkə həyata keçirə bilsin. İnsan haqları məsələsi qəbul ediləndir. Amma milli azlıqların hüquqları ilə bağlı elə böyük tələblər irəli sürülür ki, onu həyata keçirmək mümkün deyil”.
Elçin