“Mehdiyev işi”: “Kərimli ilə birgə Azərbaycanı satmağa söz veriblərmiş”
“Ramiz Mehdiyev hakimiyyət daxilində mövqeləri zəiflədiyi məqamlarda öz əvəzedilməzliyinə diqqət çəkmək üçün Əli Kərimli və radikal müxalif bloku dövriyyəyə buraxır, iğtişaşlar vasitəsilə süni təzyiq mühiti yaradırdı.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat Ramiz Mehdiyev, Əli Kərimli,Fuad Qəhrəmanlı üçlüsünün Azərbaycanın müstəqilliyini hədəf alan siyasi niyyətlərinin ifşası barədə sərt danışıb:
“Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı materiallar, əslində cəmiyyətə çoxdan məlum olan faktların səhih sənədlərlə təsdiqidir. Bu audiovizual sübutlar göstərir ki, Mehdiyev və dəstəsi dövlətçiliyimiz üçün hər zaman partlamağa hazır barıt çəlləyi rolunu oynayıb. Mehdiyevin 2025-ci ilin payızında reallaşdırmağı planlaşdırdığı “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı gizli fəaliyyət proqramı sübut edir ki, proses sadəcə niyyət səviyyəsində qalmayıb, təhlükəli addımlar atılıb.”
B. Məhərrəmov Əli Kərimlinin hakimiyyətə gələcəyi təqdirdə öncədən hazırlanan xəyanət planının pozulduğunu diqqətə çatdırıb:
“Mehdiyevin Rusiya ilə bağları, AXCP-nin isə çirkin maraqlar naminə onun “əl buyruqçusuna” çevrilməsi artıq heç kimdə şübhə doğurmur. Mehdiyev özünü əvəzedilməz göstərmək üçün radikal bloku dövriyyəyə buraxaraq qanunsuz aksiyalar təşkil edirdi. Özünü xalqın maraqlarının müdafiəçisi kimi sırımağa çalışan və yüzlərlə insanı bu yalana alət edən Kərimli də xislətinə uyğun olaraq bu xəyanətin aparıcı iştirakçısı kimi çıxış edib.
Uzun müddət işğal və separatizm faktoru müxtəlif güclər üçün ölkəmizə qarşı təsir rıçağı olub. Prezident İlham Əliyevin liderliyi ilə qazanılan qələbə bu kənar təsir elementlərini sıradan çıxardı. Belə bir məqamda şimal qonşumuzun ölkə üzərində yenidən hərbi-siyasi təsir qura biləcəyi yeganə variant KTMT-yə üzvlük ola bilərdi. Uzun illər “mitinq müxalifəti” vasitəsilə xarici dairələrə xidmət edən Mehdiyev də bu reallığı yaxşı bilirdi. Bu mənada, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə KTMT-yə üzv olacağı barədə sövdələşmə təsadüf deyil.”
Sonda deputat dövlət başçısının siyasi iradəsi ilə bu planın çökdüyünü vurğulayıb:
“Mehdiyev və Kərimli hakimiyyət ehtirasları naminə xarici dövlətin strateji maraqlarının təmin ediləcəyinə dair konkret vədlər veriblər. Bu dəstənin ifşasından dərhal sonra ölkəmizə qarşı total informasiya və kiberhücumların başlaması, o cümlədən Rusiya rəsmi dairələrinin sərt ritorikası təsadüfi deyildi. Lakin DTX-nin əməliyyat şəraitinə tam nəzarət etməsi və dövlətin preventiv addımları bu təhdidlərin qarşısını aldı. Qətiyyətli siyasi iradə, daxili sabitlik və iqtisadi müstəqilliyimiz bundan sonra da milli mənafelərimizi hədəf alan istənilən xəyanəti iflasa uğratmağa qadirdir.”
Nurlan Cəfəri













