ABŞ terrorçu PKK-nın Suriya qanadı olan YPG-nin silah təminatını üzərinə götürüb.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Konqresinin terrorçu YPG-yə silah göndərilməsi haqqında qərarı prezident tərəfindən imzalanmadan icra edilməkdədir. Məlumata görə, Konqresin qeyd olunan qərarından sonra təcili surətdə YPG-yə silah-sursat göndərilib. Bu barədə informasiyanı PKK-YPG idarəçiliyində olan Suriya Demokratik Qüvvələrinə mənsub səlahiyyətli şəxs açıqlayıb. Onun sözlərinə görə, ABŞ hazırda YPG-nin nəzarətində olan Ayn İsa bölgəsinə 7 helikopter silah göndərib. Bu silahların əsas hissəsini “Stinger” raketləri və tank əleyhinə raketlər təşkil edir. Mənbə bildirib ki, ABŞ həmin ərazidə YPG-nin əlində olan “təhlükəsizlik zonası” yaratmağı planlaşdırır.
Əslində, ABŞ-ın İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə pərdəsi altında terrorçu PKK-ya və onun bölgədəki qollarına silahlı dəstəyini açıq müstəviyə keçirməsi Qərbin Türkiyəyə qarşı artan təzyiqlərinin tərkib hissəsi kimi dəyərləndirilir. Bir neçə gün əvvəl Vaşinqtonda Partiyalarüstü Siyasət Mərkəzi (Policy Center) tərəfindən Türkiyədəki mövcud vəziyyətə dair təşkil olunan toplantıda çıxış edən ABŞ-ın Avropadakı hərbi qüvvələri komandanının sabiq müavini, general Çarlz Vald Ankaranın yürütdüyü siyasəti tənqid edib. O, Ankaranı NATP-nun (oxu: ABŞ-ın və Qərbin) maraqlarına uyğun davranmamaqda günahlandırıb. Ç.Vald açıq şəkildə bildirib ki, bu səbəbdən, ABŞ regionda Türkiyəyə deyil, kürdlərə güvənir. Təbii ki, bu etimadın davamı terrorçu PKK və onun qollarının Türkiyəyə qarşı silahlandırılaraq, hərtərəfli stimullaşdırılmasıdır.
Arxasında ABŞ-ın dayandığı heç bir şübhə doğurmayan 15 iyul uğursuz çevriliş cəhdindən sonra Vaşinqtonun Ankaraya yönəlik aqressiyası son dərəcə artıb. Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşdırılması isə ABŞ-ı daha da hiddətləndirərək, Türkiyəyə qarşı qapalı cəbhə açmaq məcburiyyətinə gətirir. Vaşinqtonun bu qəzəbini anlamaq heç də çətin deyil. SSRİ-nin süqutundan sonra dünyanın istənilən ölkəsində öz maraqlarına uyğun ən mürəkkəb ssenariləri də asanlıqla həyata keçirən ABŞ-ın “sehrli çubuğu” Türkiyəni heç cür ram edə bilmir. Türkiyə əleyhinə işə salınan siyasi və iqtisadi planların qarşısının alınması ABŞ-ı terrorçularla bir sırada dayanmağa vadar edib. İstanbulda dekabrın 10-da törədilmiş terror aktına görə məsuliyyəti “Kürdüstan Azadlıq Şahinləri” terror qruplaşmasının operativ surətdə öz üzərinə götürməsi də qanlı hadisənin Vaşinqtonda planlaşdırıldığına şübhə yeri qoymur. Əksər təhlilçilər haqlı olaraq, 10 dekabr terrorunu ABŞ-ın Türkiyəyə qarşı “dollar qisası” kimi qiymətləndirirlər. Onların fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə daxilində “dolları lirəyə dəyiş” çağırışı etməsi və bir sıra yaxın ölkələrlə ticarəti milli valyutalarla aparmaq təşəbbüsü ABŞ-ı, yumşaq desək, belə kobud addım atmağa vadar edib.
Ancaq Türkiyə iqtidarı ilə xalqının sərgilədiyi tövr göstərir ki, qardaş ölkə bu kimi təzyiqlər qarşısında sınaraq geri çəkilməyi ağlından belə keçirmir. 10 dekabr terror aktından sonra aparılan müşahidələr də göstərir ki, mövqeyinin haqlı olduğuna inanan Türkiyə doğru bildiyi yolla irəliləməkdə qərarlıdır.
A.Zeynalov
Yeniçağ.Az
www.yenicag.az