Addım-addım SÜLHƏ DOĞRU: "Yekun sənədin qarşısında əsas maneə..."
“Konstitusion iddialar aradan qaldırılmadan seçkiyə qədər sülh sazişinin imzalanması riskli addım kimi qiymətləndirilir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən öncə Azərbaycanla sülh müqaviləsini imzalaması ehtimalından danışıb.
Politoloq bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanla yekun barışıq müqaviləsini 7 iyunda keçiriləcək qanunverici orqan seçkilərindən öncə rəsmiləşdirmək niyyətindədir:
“Paşinyan bəyan edib ki, məsələ artıq icraedici qurumun iş planına salınıb. Sənədin imzalanması hakim komandanın seçki prosesində mövqelərini möhkəmləndirə, revanşist və antisülh ritorikasına söykənən qüvvələrin arqumentlərini zəiflədə bilər. Bakı ilə İrəvan arasında son dönəmdə əldə olunan anlaşmalar da bu prosesə zəmin yaradır.
Belə ki, ən həssas mövzulardan sayılan Zəngəzur marşrutu üzrə müəyyən uzlaşma formalaşıb: Vaşinqton razılaşmalarından sonra ABŞ-Ermənistan TRİPP sazişində layihənin icrası əksini tapıb, eyni zamanda, ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasında Naxçıvanla maneəsiz əlaqənin təmin olunması vurğulanıb. Bundan başqa, sərhədlərin delimitasiyası üzrə prinsipial anlaşma mövcuddur və tərəflər ixtilafları dinc vasitələrlə aradan qaldırmağa razıdırlar. İkitərəfli iqtisadi-ticarət münasibətləri qurulub və onların genişlənməsi üçün perspektiv görünür. Bu reallıq fonunda müqavilənin seçkidən əvvəl imzalanması ehtimalı real görünür və Paşinyanın qələbəsi regional sabitlik baxımından əhəmiyyətli hesab edilir.
Bununla belə, yekun sənədin qarşısında əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması göstərilir. Rəsmi İrəvan paraflanmış layihədə beynəlxalq sazişin daxili qanunvericilikdən üstün tutulduğunu əsas gətirərək konstitusiya dəyişikliyi olmadan imzanın mümkünlüyünü iddia edir və seçkilərdən sonra yeni əsas qanunla bağlı referendum vəd edir. Bakı isə bu yanaşmaya ehtiyatla yanaşır: Paşinyanın seçkidə qalib gəlməsi qəti deyil və mümkün müdaxilələr fors-major vəziyyət yarada bilər. Həmçinin əvvəlki təcrübə verilən öhdəliklərin icrasına dair şübhələri artırır. Bu səbəbdən konstitusion iddialar aradan qaldırılmadan seçkiyə qədər sülh sazişinin imzalanması riskli addım kimi qiymətləndirilir”.
Nəsimi Ələsgərli













