“Anti toyuq” kampaniyasının arxasında “Mal əti” mafiyası dayanır
Çingiz Fərəcov: “Oxuculara məsuliyyətlə bildirirəm ki, heç bir təsərrüfatda quşun bədəninə şprislə su vurulmur”
“Bəzi televiziya kanallarında heç bir əsas olmadan deyirlər ki, quş ətinin bədəninə donması və çəkisinin artması üçün şprislə su yeridirlər. Bu isə təxribatdır, dövlətə ziyan vurmaqdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Respublikası əməkdar kənd təsərrüfatı işçisi, heyvandarlıq, damazlıq işi, otlaqlar üzrə beynəlxalq ekspert Çingiz Fərəcov bildirdi: “Quş əti sərfəlidir, çünki tez yetişir. 32-42 günə 1 kq quş əti almaq olur. Keçən il 99,4 min ton quş əti istehsal olunub. 2013-cü ildə isə 94,5 min ton quş əti istehsal edilib. Respublikada quş əti istehsalı artmalıdır. Dünyanın əksər ölkələrində hər adama 20 kq quş əti istehlak olunur. Bu hesabla ölkəmizdə 200 min ton quş əti istehsal olunmalıdır. Ölkəmizdə buna imkan var. Lakin bəzi televiziya kanalları təxribat aparır. Prezident tərəfindən belə vəzifə qoyulub ki, daxili istehsal hesabına tələbat ödənilməlidir. Təxminən 40 quşçuluq fabrikinə kredit ayrılıb. Onlar da quş əti istehsalını ildən-ilə artırmağa çalışır və buna da nail olurlar. Az təminatlı ailələr gözünü bildiyiniz kimi, quş ətinə tutub. Çünki, mal ətinin kq 8,5, qoyun ətinin isə 11 manat olduğu halda, quş ətinin 1 kq 3,5 manatdır. Bəzi televiziya kanallarının guya quş ətinin bədəninə şprislə su yeridərək onun çəkisini artırmaq barədə açıqlamaları təxribatdır və belə təxribat aparanlara qarşı ciddi mübarizə aparılmalıdır. Dəvəçi broyler fabriki “Səba” markası ilə hər gün marketlərə 10 ton quş əti çıxarır. Bu isə 10 min quş deməkdir. Hanı elə bir qüvvə ki, hər gün 10 min quş ətinin bədəninə şprislə su yeritsin? Bu təxribata gərək hüquq-mühafizə orqanlarında cavab verilsin. Televiziyada bu haqda məlumat gedəndən sonra, insanlar fabrik istehsalı olan quş ətini almaqdan imtina edib. Belədə əhalini nə ilə təmin edək? Mal əti çatmır. Çünki, mal ətini intensiv artırmaq mümkün deyil. İran və Türkiyə gözünü quş ətinə dikib. Onda niyə Azırbaycan əhalini quş ətilə təmin etməsin? Təxribatçılar nədən quşçuluğun inkişafına əngəl olurlar? Belə vəziyyətin qarşısını almaq üçün ciddi işlər görülməlidir. Xaricdən ölkəyə idxal olunan quş ətinin qarşısı alınmalıdır. Daxili istehsalı artırmalıyıq. Onsuz da ölkəmizə hər il 50 min ton quş əti idxal olunur. Bunun qarşısı alınarsa, daxili istehsal artacaq. Bütün oxuculara məsuliyyətlə bildirirəm ki, heç bir təsərrüfatda quşun bədəninə şprislə su vurulmur. Bu təşkil olunmuş təxribatdır. Son illər idxal olunan quş ətinin qarşısı alındığına görə, bəzi şəxslər təxribata yuvarlanıblar”.
Elçin