ATƏT-in Minsk qrupuna nə üçün ehtiyac var?-Politoloq Elman Nəsirovun şərhi
“ATƏT-in Minsk qrupu olmayacağı təqdirdə, hətta xarici işlər nazirləri səviyyəsində belə görüşlərin keçirilməsi baş tutmayacaq “
ABŞ ATƏT-in Minsk qrupundakı sabiq həmsədri, qısa zamanda Azərbaycanda səfir postunda çalışan Metyu Brayza son çıxışında bildirib ki, Minsk qrupunun vasitəçiliyindən imtina olunsun, buna ehtiyac yoxdur. Ona görə bunun əvəzində münaqişə tərəfi olan ölkələrin prezidentləri nümayəndələri vasitəsilə danışıb görüşə bilərlər.
Görəsən, buna ehtiyac varmı? Ümumuyyətlə, həmin qrupdan imtina mümkündürmü?
Politoloq Elman Nəsirov da indiki halda belə bir yanaşmanı məqbul saymadı: “Ermənistanın Dağlıq Qarabağla bağlı yeritdiyi siyasət, münaqişənin həllinə cəhd göstərməməsi, əksinə status-kvo vəziyyətini qoruyub saxlamaq niyyəti, permanent danışıqlar siyasətinə üstünlük verməsi onu göstərir ki, İrəvanın münaqişəni həll etmək niyyəti yoxdur. Vasitəçilərin ayrı-ayrı hallarda görüş təşkil etmələri nəticə etibarı ilə Ermənistanın mövqeyini dəyişmir. Belə olan halda bir çox hallarda ATƏT-in Minsk qrupu vəziyyət mürəkkəbləşən kimi bütün məsuliyyəti münaqişə tərəflərinin üzərinə atır və deyirlər ki, Azərbaycanla Ermənistan tərfi özləri razılaşsınlar. Minsk qrupu isə bu razılaşmanı dəstəkləyəcək. Onların fəaliyyətinin nəticəsi budur. Belədə sual yaranır ki, Ermənistanla Azərbaycan münaqişəni özləri həll etmək iqtidarındadırsa, Minsk qrupuna onda nə ehtiyac var? Hesab edirəm ki, Brayzanın səsləndirdiyi təklif məhz bu məntiqdən qaynaqlanır. Ona görə deyir ki, həmsədrlərə daha ehtiyac yoxdur, münaqişə tərəflərinin öz nümayəndələri bunu həll edə bilər. Bu yanaşma indiki halda məqbul sayıla bilməz. Minsk qrupu indiki halda münaqişəni həll edə bilmir. Amma bu qurum olmadan Ermənistanın da danışıqlara getməsi və münaqişənin həlli istiqamətində hər hansı pozitiv addım atacağına heç bir inam yoxdur. ATƏT-in Minsk qrupu olmayacağı təqdirdə, hətta xarici işlər nazirləri səviyyəsində belə görüşlərin keçirilməsi baş tutmayacaq. Belədə prezidentlər səviyyəsində görüşlərin baş tutmasından ümumiyyətlə söhbət gedə bilməz. Bu halda vasitəçilik institutunun özündə müəyyən düzəlişlərə, korrektlərə ehtiyac var. Bu baxımdan digər ölkələrin prosesə qatılmasına ehtiyac yaranıb. Məsələn, artıq Almaniya belə bir niyyətini ortaya qoyub. İndi ABŞ, Fransa və Rusiya münaqişənin həllilə məşğuldursa, bunu Almaniyanın iştirakı ilə kvartetə də çevirmək olar. Avropa İttifaqını burada təkcə Fransa təmsil edir. Amma, hər kəsə bəllidir ki, Avropa İttifaqının lokomotivi təkcə Fransa deyil, Almaniya da burada böyük rol oynayır. Bu mənada Almaniyanın prosesdən kənarda qalması düzgün deyil. Almaniya İranın nüvə proqramı ilə bağlı danışıqlarda 5+1 formatı ilə iştirak edir. Bu nöqteyi-nəzərdən Almaniyanın mürəkkəb problemlərin həllində iştirak təcrübəsi var. Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsində də ABŞ, Fransa, Rusiya və Almaniyanın timsalında 3+1 varinatından istifadə etmək olar. Amma Minsk qrupundan ümumiyyətlə imtina edilsin, yerində heç bir başqa qurum olmasın, işğalçı Ermənistan və işğala məquz qalan Azərbaycan dövləti özləri həll prosesində danışığa getsinlər, bunun heç bir nəticəsi ola bilməz. Bu baxımdan Metyu Brayzanın həmin mövqeyini paylaşmıram”.
Rüfət