Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi Gülarə Məcidova vəfat edib.
Yenicag.az xəbər verir ki, Azərbaycan rəngkarlıq məktəbinin görkəmli nümayəndəsi Gülarə Məcidova martın 12-də 77 yaşında vəfat edib.
O, 31 oktyabr 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirib.
Milli rəssamlıq sənətinin ənənələrini uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidovanın əsərləri Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb. “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta” adlı tablolar onun yradıcılığında xüsusi yer tutur.
G. Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1972-1995-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda rəsm fənnini tədris edib. 1980-ci ildən mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq Simpoziumlarda iştirak edib.
Allah rəhmət eləsin.
www.yenicag.az