Əmək Məcəlləsinə görə, ölkədə 5 gün olmaqla həftədə 40 saatlıq iş həftəsi tətbiq olunur. Ancaq bu günədək bu qanun yalnız kağız üzərindədir. Belə ki, Əmək Məcəlləsinin pozulması adi hal alıb. Özəl müəssisələrdə gündəlik 10-12 saat həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır. Supermarketlər, geyim mağazalarında isə bir neçə işçinin işini bir işçiyə gördürülməsi və az qala bir sutka çalışdırılması heç kimə sirr deyil.
Dövlət Əmək Müffətişliyi isə sahibkarların əl-qolunu bağlamamq üçün özəl müəssisələrdə yoxlamaları dayandırıb.
Bəs belə olan halda, işçilərin hüquqları necə qorunur?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, ölkədə hazırda milyonlarla şəxsin işçi hüquqları pozulur:
“2015-ci ildən Dövlət Əmək Müffətişliyi Xidməti iş yerlərində əmək münasibətlərinin tənzimlənməsinə dövlət nəzarətini həyata keçirir. Onlar yoxlamalar apara bilmir, yalnız şikayət olduğu, istehsalatda bədbəxt hadisə baş verdiyi halda araşdırmalar apara bilir. Yüz minlərlə irili-xırdalı iş yerləri var, onların hamısına dövlət nəzarəti həyata keçirmək mümkün deyil. Ən yaxşı nəzarətçi işəgötürənin vicdanlı olmasıdır. Vicdanlı, hesabatlı işəgötürən işçisinə sosial partnyor kimi baxır, qul kimi yox. Təəssüf ki, bu gün ölkədə mənfi hallar var, işçilər 10-12 saat, şənbə günləri, bayram günləri də işlədilirlər. Supermarketlərdə kassada, otellərin qeydiyyat şöbəsində işləyənləri sadəcə istismar edirlər. Onlarla əmək müqaviləsi bağlamırlar”.
Ekspert bildirib ki, bu məsələdə işəgötürənlər məsuliyyəti dərk etmədiyi müddətcə problem həll olunmayacaq:
“Dövlət Əmək Müffətişliyinin yoxlama funksiyaları bərpa olunsa belə, bu halların qarşısını almaq çətin olacaq. Bu hal işəgötürənin işçiyə qul kimi baxdığı müddətcə davam edəcək. Bu bir mədəniyyətdir və formalaşdırmaq lazımdır. Təbii ki, burada nəzarət, şikayət, məhkəmə, mediasiya mexanizmləri də olmalıdır. Amma bunların hamısının olması fonunda yenə də mənfi hallar yaşanır.
Son on illiyə nəzər saldıqda bu hal əhəmiyyətli dərəcədə azalıb, amma yenə də işçilərin hüquqlarını kobud şəkildə pozan müəssisələr var.
Azərbaycanda işləyənlərin yalnız 1 milyon 800 mini ilə rəsmi əmək müqaviləsi bağlanılıb. Geriyə qalan təqribi 3 milyon əhali əmək müqaviləsi olmadan işləyəndir. Əgər dövlətin 5 milyon əhalinin işlədiyinə dair rəsmi statistikasına inansaq, onlardan 3 milyonunun əmək müqaviləsi yoxdur. Həmin şəxslər ya qeyri-formal əmək kollektivlərində, ya aqrar təsərrüfatda işləyirlər. Onlar onsuz da bu və ya digər şəkildə əmək normaları çərçivəsindən kənarda işləyirlər, sığortalanmırlar, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən sığortaları, tibbi sığortaları, icbari dövlət sığortaları yoxdur. Beləcə, onların da hüquqları pozulur”.
www.yenicag.az