Azərbaycanda əcnəbilərin sayı artır
Bu ilin iyunun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4.6 faiz artıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 792 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il iyunun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 893 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89.7 faizini kişilər, 10.3 faizini isə qadınlar təşkil edir.
Ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10283 nəfər) üzrə müşahidə olunur.
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1950 nəfərə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 947 nəfərə çatıb. Sonrakı yerlərdə İran (577), Hindistan (436), Çin (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (273), Özbəkistan (210) Banqladeş (194), Ukrayna (165), Pakistan (163), Almaniya (161), Filippin (136), Bosniya və Herseqovina (131), Qazaxıstan (128), Türkmənistan (127), İtaliya Respublikası (120), ABŞ (118) və s. ölkələr qərarlaşıb. Xatırladaq ki, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.