Azərbaycanda kütləvi zəhərlənmə
Bu ilin 9 ayı ərzində Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında bildirib ki, ötən müddət ərzində əhali arasında 986 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1102 nəfər zərər çəkərək qidadan zəhərlənib.
Ötən 9 ay ərzində 14 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 20 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.
İ.Abdullayev qeyd edib ki, bu ilin təkcə sentyabr ayında Azərbaycanda əhali arasında 84 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 91 nəfər zərər çəkib. Bir botulizm hadisəsi qeydə alınıb, zəhərlənməyə ev şəraitində hazırlanan leço səbəb olub.