Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Rusiya mətbuatına Çulkovun tanışları və işlədiyi institutun əməkdaşları məlumat veriblər.
Məlumata əsasən, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki şəxsi mehmanxanalardan birində yerləşib. Mehmanxana sahibinin sözlərinə görə, alim yanvarın 5-də Göygölə yola düşüb. Çulkov mehmanxana sahibinin məsləhətinə qulaq asmayaraq, Göygölə taksi ilə yox, piyada yollanıb.
İddiaya görə, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib. Çünki az sonra təhlükəsizlik xidmətinin əməkdaşları mehmanxanaya gəlib, Çulkovun otağında axtarış apararaq, ona məxsus əşyaları özləri ilə aparıblar.
Tanışları onu da iddia ediblər ki, yanvarın 9-da mehmanxana sahibi ilə əlaqə saxlayan hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib. O, həmçinin internetə də çıxmayıb və anasının davamlı zənglərinə cavab verməyib.
Rusiya mediasına danışan mənbə bildirib ki, Çulkov Azərbaycana gedərkən, bir həftəyə geri qayıdacağını deyib. Ancaq Azərbaycana getdikdən 2 gün sonra onunla əlaqə kəsilib.
Qeyd olunur ki, Çulkovun yanvarın 10-na təyyarə bileti olsa da, o, həmin gün uçuş qeydiyyatından keçməyib. Hazırda alimin yaxınları və həmkarları onun axtarışı ilə məşğuldurlar.
Araz Zeynalov
www.yenicag.az