Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında həyata keçirilən hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, bu əməkdaşlıq dostluq münasibətləri üzərində qurulub və bundan sonra da daim inkişaf edəcək. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməklə xalqımızın haqq işinə kömək etməyə hazır olmasını xüsusi qeyd edib.
General-leytenant Omar Mahmud Hayat Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə və birmənalı olaraq dəstəklədiyini vurğulayan qonaq Kəşmir məsələsində ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.
Tərəflər həmçinin regional təhlükəsizlik, terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.yenicag.az