!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda məşhur restoran ətrafında qalmaqal

!Reklam – Yazi

Səbail rayonu, T.Əliyarbəyov küçəsi 3-də yerləşən qapı 4, qapı 5 və qapı 6 ünvanlarındakı məşhur “Otto” restoranı ətrafında qalmaqal yaşanır.

Yenicag.az Musavat.com-a istinadla xəbər verir ki, buna səbəb obyekt sahibinin icarədarın işlərinin yaxşı getdiyini görüb qazancı özünün əldə etmək istəməsidir. Buna görə də o, müqavilə şərtlərini pozmaq niyyətindədir.

Qeyd edək ki, obyektin sahibi məşhur “AZVİRT” MMC-nin direktoru Kamil Əliyevin qardaşı Elnur Əliyevdir. İcarəçi isə İsgəndərov Nahid Əfqan oğludur.

Məlumata görə Nahid İsgəndərov qeyd edilən ünvandakı obyekti aylıq 20 min manata icarəyə götürüb. Amma obyekt sahibi indi icarə müqaviləsinin şərtlərini pozur. Buna görə də məsələ məhkəmə çəkişməsi müstəvisinə çıxarılıb.

Elnur Əliyev indi obyekti özünün işlədəcəyini deyir. Nahid İsgəndərov isə qeyri-yaşayış sahəsini aylıq 20.000 manata 2 illik icarəyə götürdüyünü, 270.000 manata qədər pul xərcləyərək öz vəsaiti hesabına obyekti əsaslı təmir edib və hazır vəziyyətə gətirdiyini deyir.

N.İsgəndərov məhkəmədə deyib ki, Elnur Əliyev həmin obyektdən özünün istifadə edəcəyini dedikdə ondan çəkilən təmir xərclərini ödəməsini və müqavilənin tələblərini icra etməsini tələb ediblər.

Onun sözlərinə görə bununla razılaşmayan Elnur Əliyev davamlı olaraq obyektin iş fəaliyyətini pozub, müştəriləri narahat edib, işçi heyəti ilə problemlər yaşayıb.

Nahid İsgəndərov söyləyir ki, tərəflər arasında bağlanmış müqavilə olsa da hüquq ictimaiyyətində analoqu olmayan bir qərardad çıxarılıb: “İcarəyə götürdüyüm obyektə girişimi qadağan etdilər. İş üzrə yeni bir tərəf kimi Elnur Əliyevin qaynanası Lətifə Abdullayeva prosesə qoşuldu. Guya icarəçi kimi mənim illərdir ona icarə haqqı ödəmədiyimi dedi. Buna görə də, icarəçinin obyektdən çıxarılmasını tələb edib. Daha sonra müvəqqəti təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mənim və başqalarının həmin obyektdən istifadə etməsinə qadağa qoyulmasını tələb etdi. Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə əsassız qərardad qəbul edərək ərizə təmin edildi. Hətta dərhal da icraya yönləndirib. Sözsüz ki, bu prosedurda “Bakı Hüquq Mərkəzi” MMC-nin və Elnur Əliyevin “şəxsi əlaqə”lərinin də öz rolu olub.

Bildirək ki, icarə haqlarının ödənməsini əks etdirən videogörüntülər də məhkəməyə təqdim edilib.

Bu qərardan narazı qalan N.İsgəndərov Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Hakimi Namiq Cəfərov Səbail rayon Məhkəməsinin qərardadını əsassız olduğu üçün ləğv edib. Amma iş bununla da bitməyib. 25 gün obyekt möhür altında bağlı saxlanılıb.

İşin müəmmalı və daha maraqlı tərəfləri bundan sonra ortaya çıxmağa başlayıb. Bu dəfə Elnur Əliyev və qayınanası obyekt ilə əlaqəsi olmayan Elvin Qasımov adlı şəxsi məhkəməyə verib. Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmli Elvin Qasımova və “başqa” şəxslərə obyektə girməyi qadağan edib. “Başqaları” arasında da Nahid İsgəndərovun adı var. Yəni yuxarı instansiya məhkəməsi Nahid İsgəndərova obyektə girməyə icazə verir, amma Səbail Rayon Məhkəməsi yox.

Qeyd edək ki, hakim İlkin Rüstəmli Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini Şahin Rüstəmovun oğludur.

Qərarın olduqca ilginc olduğunu deməyə kifayət qədər ciddi əsaslar var. Belə ki, sonuncu qərardad müqavilə bağlayaraq icarə haqqı ödəyib obyektdən istifadə edən icarəçiyə obyektdən istifadəni qadağan edir. Obyektin qapısına möhür vurulub, icarəçi icarə haqqını ödəməlidir, amma icarədarın obyektə girişinə məhkəmə icazə vermir. Halbuki yuxarı məhkəmə instansiyasının qərarı daha aşağı məhkəmə instansiyaları üçün məcburi xarakter daşıyır.

Hazırda məhkəmə çəkişməsi davam edir. İcarədar bütün rəsmi qurumlara və ədliyyə nazirinə müraciət edib.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv