“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sifarişi əsasında ərsəyə gəlmiş “Başladıq” filminin təqdimatı Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında baş tutub.
Yenicag.az xəbər verir ki, film təqdim olunmazdan öncə Azərbaycan Respublikasının dövlət himni oxunub, sonra Vətənin bütövlüyü uğrunda canlarından keçmis şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca film nümayiş etdirilib.
Sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri, filmin ideya müəllifi Emin Tarverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında arxa cəbhənin rolu danılmazdır. Ona görə də bu filmi arxa cəbhədə əziyyət çəkənlərə – öz komandamıza həsr etdik.
Filmin ssenari müəllifi Elmar Hüseynov qeyd edib ki, qısa müddət ərzində ərsəyə gətirdiyimiz bu film, bizim film sahəsində ilk təcrübəmizdir. Ona görə də inanırıq ki, real hadisələrlə dolu ekran əsəri Siz tamaşaçıların da ürəyincə oldu”.
Tədbir iştirakçılarından “Hədəf” Şirkətlər qrupunun rəhbəri Şəmil Sadiq, “Behrud İnşaat”ın rəhbəri İlham Behrudi, jurnalist Cavid İsmayıl, şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova çıxışlarında Vətəni təmənnasız sevənləri bu filmdə gördüklərini qeyd etdilər.
Sonda şəhid ailələri, qazilərə və “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinə dəstəyə görə təşəkkür plaketləri təqdim olunub.
Emin Tarverdiyev təşəkkür plaketlərinin təqdim olunması zamanı bunları deyib:
“Ətramızdakı şəhid ailələri ilə söhbətdən məlum oldu ki, “Veysəloğlu” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovun qərarı ilə şirkətdə çalışmış və şəhid olmuş əməkdaşların maaşları bu gün də ailələrinə ödənilir. Həmçinin bu gün Azərbaycanda ən çox qaziləri işlə təmin edənlərdən biri də “Veysəloğlu” Şirkətlər Qrupudur. Bu səbəbdən alınan qərara görə Aydın Talıbova şəhid və qazilərə göstərdiyi dəstəyə görə, həmçinin “Oba Market” MMC rəhbəri Natəvan İbrahimovaya şəhid adlarını əbədiləşdirmək üçün MMC-nin şöbələrinə şəhid adları verilmə lahiyəsinə görə, “Gomas Group” və Gəncliyə Yardım Fondunun rəhbərliyinə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinə verdikləri dəstəyə görə təşəkkür plaketləri təqdim olunub”.
Qeyd edək ki, “Başladıq” filminin rejissoru Gülnar Hacıyeva, operatoru Şahmar Səfəroğlu, mətni səsləndirən isə Turkay Azəridir.
www.yenicag.az