Borcu olan dövlət qurumları ilə bağlı Vergilər Nazirliyindən AÇIQLAMA
Xəbər verildiyi kimi, Azərbaycanın iri vergi ödəyicilərindən – “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərsu” ASC-nin, “Azərbaycan Hava Yolları”nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və “Bakı Metropoliteni”nin dövlət büdcəsinə 2.2 milyard manat civarında borcu var.
Bu haqda informasiya «Bizim Yol» qəzetində dərc edilib. Məqalədə bildirilib ki, Vergilər Nazirliyi hazırkı böhran şəraitində kiçik və orta sahibkarlara qarşı vergi intizamını sərtləşdirdiyi halda adları yuxarıda çəkilən qurumlara qarşı tədbirlər görüb borcların ödənilməsini təmin etmir.
Bununla bağlı Vergilər Nazirliyinə qəzetin ünvanladığı sorğuya adıçəkilən qurumdan cavab verilib.
Nazirliyin mövqeyini təqdim edirik:
«İri vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə bağlı bildiririk ki, dövlət büdcəsinə vergi borclarının yaranması və ləğv edilməsi mütəmadi olaraq davam edən bir prosesdir. Belə ki, müvafiq hesabat dövrlərində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə hesablamalar verilir, o cümlədən vergi orqanları qanunda nəzərdə tutulmuş hallarda və qaydada vergi ödəyicilərinə əlavə vergilər hesablayır və sonradan hesablanmış vergilərin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görür. Hesablanmış vergilər dövlət büdcəsinə vaxtında ödənilmədikdə vergi borcları yaranır.
İri vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında borclarının məbləği ilə bağlı nəzərinizə çatdırırıq ki, mətbuat orqanlarında göstərilmiş məbləğlər reallıqdan çox uzaqdır. Həmin vergi ödəyicilərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Metropoliteninin, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” QSC-lərin 01.04.2015-ci il tarixinə dövlət büdcəsinə ümumiyyətlə vergi borcları olmamışdır. Yalnız “Azərenerji” və “Azərsu” ASC-lərinin dövlət büdcəsinə böyük məbləğdə vergi borcları yaranıb ki, hazırda onların ödənilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
“Azərişıq” ASC yaradılması ilə bağlı işlər davam etdirildiyindən və o hələ vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmadığından, həmin cəmiyyətin vergi borclarından söhbət gedə bilməz. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, “Bakıelektrikşəbəkə” ASC-nin də 01.04.2015-ci il tarixə dövlət büdcəsinə vergi borcu olmamışdır», – deyə məlumatda qeyd olunur(aznews).