Çoxu onu adı ilə çağırmır. Elə “Şirin” deyə, müraciət edirlər. “Vilkalayaram”, “asaram-kəsərəm” deyən Şirin görək həyatda necə biridir?
“Bozbash Pictures”in sevimli aktyoru Nicat Rəhimovun Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Təzə nə var, nə yox?
– Hazırda çəkilişlərimiz davam edir, yayda dincəlmək söhbəti yoxdur, işləyirik. Yeni mövsümdə film çəkməyi də düşünürük.
– Səncə, “Bozbash Pictures”in ən çox hansı üzvü daha çox sevilir?
– Onu deyə bilmərəm, biz qardaşıq. Ola bilər ki, hansısa filmdə zarafat edə bilərəm, hamı o zarafatı paylaşar, dillərə düşər. Bu o demək deyil ki, məni o birilərindən daha çox istəyirlər, yox. Şəminin, Şöşünün, Fəlakətin, Ağsaqqalın, Qılmanın – hamısının öz yeri var.
– Qardaşın da qardaşla söz-söhbəti olur bəzən?
– Çəkiliş zamanı ola bilər. Tutalım, çəkilişə gecikmişəm, rejissor deyib ki, hardasan, gəl çıx da.
– Sözgötürən oğlansan?
– Yox.
– Getdiyin məkanlarda, ya yolda səni görəndə necə müraciət edirlər?
– “Nicat” deyə, çağıranlar da olur, “Şirin” deyənlər də. Bəzi adamlar mənə “Şirin müəllim” deyə, müraciət edir, onda əsəbiləşirəm.
– Əsəbiləşib neyləyirsən ki?
– Başa salıram ki, belə demək olmaz. Əslində, özümü o dərəcəyə çatdırmaram ki, kimsə mənə yolda söz atsın. Ola bilər kimsə fikirləşər ki, aktyordur, onunla necə istəsən, zarafat etmək olar. Amma hər şeyin dərəcəsi var. Bir də görürsən ki, kimsə ailəvi şəkildə yaxınlaşıb, şəkil çəkdirmək üçün icazə istəyir. Bu, mənə ləzzət edir. Amma elə məqamlar da olur ki, nə gizlədim, xoşuma gəlmir və əsəbiləşirəm.
– Hansı məqamda?
– Bu yaxınlarda çay evlərinin birində oturmuşduq. Durub gedəndə üç nəfər salamlaşdı, sonra da əllərində telefon yaxınlaşdılar ki, bəs o qəzəllərdən bizim telefona bir-ikisini göndər, Moskvadakı dostlarımız istəyib. İmtina etdim. Mədəni şəkildə başa saldım ki, belə şeyləri qəbul etmirəm.
– Heç əsəbiləşəndə əlbəyaxa davaya qədər gedib çıxırsan?Yəni Şirin kimisə “vilkalaya” bilər?
– “Vilka” dedin, bir hadisə yadıma düşdü. Toyda idik. Bir kişi əlində iki vilka ilə üstümə yeridi ki, bunu tut, səninlə şəkil çəkdirmək istəyirəm. Vilkadan da kababın yağı axır. Xoşuma gəlmədi bu söhbət. Açığı, özümə qarşı hörmətsizlik kimi qəbul etdim.
– Xasiyyətin tünddür deyəsən?
– Sakit insanam. Sözlə başa salıram, amma kimsə sözlə qanmayanda, qarşı tərəfi necə lazımdırsa qandırıram. Davadan qorxan adam deyiləm.
– Yeri gələndə “vilka”layarsan da?
– Lap vilkalayaram da, bıçaqlayaram da.
– Toy haçandı e, sən ondan danış…
– Toyum olanda, iki ay qabaqdan sizə zəng edib deyəcəm.
– Axı bir ara toy xəbərlərin yayılmışdı?
– Yox, Şirinin filmdəki toyunu nəzərdə tuturdular. İnşallah, bu il subaylığın daşını atmaq istəyirəm.
– Xanımlar heç yazırmı ki, aşqım, filan…
– Aşqım da yazanlar var. Daha çox yazırlar ki, övladımız bütün günü sizə baxıb ağlayır, şərait yaradın, görüşək. Mən o xanımlara cavab yazıram. Bizim ofisdə yer var, uşaqları dəvət edirik, oturub söhbətləşirik, fotolar da çəkdiririk.
– Deyirlər, kişilərin ən zəif nöqtəsi qadındır…
– Yox, nə qadın, nə də pul mənim zəif nöqtəm deyil.
– Əlin pulla oynayır?
– Üç şey Allahdan gəlir: ruzi, qismət, məhəbbət. Şükürlər olsun, çətinlik çəkmirəm. Amma çox çətin günlərim olub.
– Borca düşmüsən?
– Səmimi sözümdür, hələ bir adam deyə bilməz ki, Nicat məndən pul alıb, qaytarmayıb. Səbr eləmişəm və əziyyət çəkmişəm. Əziyyətlə qazanılan pulun qədrini də bilirsən.
– Bir dəfə müsahibəndə mənə demişdin ki, həyat yoldaşını işləməyə qoymayacaqsan…
– Elə xasiyyətim var. Kişiyəmsə işləməliyəm, pul qazanıb ailəmi saxlamalıyam. Amma xanımın işləməsinə pis baxmıram. İşləmək istəsə mane olmaram. Sözüm keçməlidir, amma qadının da fikrinə hörmətlə yanaşmaq lazımdır.
– Qadında dəyərləndirdiyin üç xüsusiyyəti sadalaya bilərsən?
– Səmimi, yerini bilən, anlayışlı.
Cəvahir
Foto:Cəmalə Əlizadə
Yenicag.az
www.yenicag.az