20 qadını öldürərək, onların cəsədlərini kiçik hissələrə bölən ər və arvad yaxalanıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexikonun ən kasıb rayonlarından biri olan Ekatepekdə törədilən silsilə cinayətlər bütün ölkədə şok effekti yaradıb.
Məlumata görə, uşaq arabasında növbəti qurbanlarının doğranmış cəsədini aparan cütlüyü yaxalayan polis ərlə arvad barəsində təhqiqata başlayıb.
İlkin dindirmə zamanı kişi 20 qadını qətlə yetirdiyini etiraf edib. Cani öz ifadəsində qurbanlarından bəzilərini öldürməzdən əvvəl zorladığını da boynuna alıb.
Müstəntiqlər axtarış zamanı cinayətkar cütlüyün mənzilində və evin yaxınlığında bir neçə qadının bədən hissələrini tapıblar. Doğranmış cəsədlərin qalıqları plastik paketlərə yığılaraq soyuduculara və sement vedrələrinə yerləşdirilib. Axtarış nəticəsində qətlə yetirilmiş qadınlara aid paltarlar da aşkarlanıb.
Prokurorluqdan bildiriblər ki, cütlük öz qurbanlarının daxili orqanlarını müxtəlif şəxslərə satıblar. Ancaq həmin “müştəri”lərin adı hələlik açıqlanmayıb.
Hadisə cinayətin törədildiyi rayonda geniş əks-səda doğurub. Qətlə yetirilmiş qadınların xatirəsini şam yandırmaqla anan sakinlər cinayətkarların ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər.
www.yenicag.az