Cəbhədəki gərginliyin səbəbi nədir?
“Lukoyl”dan başqa Rusiyanın heç bir şirkəti Azərbaycanın infrastruktur layihələrinə pul qoymayıb”.
Bunu Rusiyanın “Total”ın 10 faizlik payında maraqlı olması ilə bağlı yayılan fikirləri şərh edən neft-qaz məsələləri üzrə ekspert, iqtisadçı İlham Şaban bildirdi:
“Rusiyanın “Cənub axını” kimi illik tutumu 62 milyard kubmetrlik boru kəməri layihəsi var və rəsmi Moskva 2016-2018-ci illərdə öz qazını Ukraynadan yan keçməklə Avropa bazarına çıxartmalıdır. Əgər belə bir məsələ varsa, gəlin düşünək, görək Rusiyanın hansı marağı var ki, gəlib “Cənub qaz dəhlizi”nə daxil olub. Bu, Rusiyaya nə verir? Rəsmi Moskva burda heç bir şərt hüququna, yəni hansısa qərarların qəbul edilməsinə təsir etmək haqqına malik deyil. Əgər Kreml bu 10 faizlik hissəni alsaydı, yalnız dvidentlər qazana bilərdi”.
Ekspertin fikrincə, yeni kəmərlərin çəkilişinə şərik olmaq həm də pul xərcləmək deməkdir:
“Yeni kəmərlərin çəkilişinə şərik olmaq həm də pul xərcləmək deməkdir və hazırkı situasiyada Rusiyanın buna heç bir marağı yoxdur. Hansı tərəfdən yanaşsaq görərik ki, bu layihəyə qoşulmaq Rusiyaya heç vaxt müsbət nəsə gətirməyəcək. Məhz buna görə də yayılan bu məlumatı sadəcə şayiədən başqa bir şey adlandırmaq düzgün olmaz”.
İlham Şaban həmçinin Rusiya şirkətlərinin Azərbaycan neft və qaz sektoruna yatırım etməkdə maraqsız olduqlarını da dilə gətirdi:
“Yanvar ayında Fransanın “Total” şirkəti öz payını satışa çıxarmağa başlayanda Türkiyə şirkətləri bu payı almaq üçün həmin andaca danışıqlara başladı. Orda danışıqlar aparan şirkətlər arasında Avropa şirkətləri də var idi. Amma heç vaxt Rusiyanın nə özəl, nə də dövlət şirkəti bu danışıqlara qoşulmayıb. Bir statistik məlumat da vermək istəyirəm. Bu vaxta qədər Azərbaycanın iştirakı ilə reallaşan layihələrdə “Lukoyl”dan başqa Rusiyanın heç bir şirkəti Azərbaycanın infrastruktur layihələrinə sərmayə qoymayıb”.
Xatırladaq ki, son günlər Ermənistan hərbi birləşmələri Naxçıvan Muxtar Respublikası ilə sərhəddə daha da fəallaşıblar. Bəzi ekspertlər ermənilərin bu aktivliyinin arxasında Rusiyanın dayandığını iddia ediblər. Onların qənaətinə görə, “Total”ın imtina etdiyi 10%-lik paya Rusiya sahiblik etmək istəyirmiş və hətta Azərbaycanın buna ilkin olaraq razılıq verdiyi də deyilir. Amma sonradan həmin payın Türkiyəyə satılması Rusiyanın narazılığına səbəb olub və şimal qonşumuz cəbhədə vəziyyəti gərginləşdirməklə reaksiya verib.