Azərbaycan Prezidentinin Çinə səfəri başa çatdı. Səfər zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənəd imzalandı.
Ümumiyyətlə, tarixə nəzər salsaq görərik ki, son illər ərzində Azərbaycan hökuməti Çinlə münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində çox ciddi addımlar atıb və bunun da əsasında hər iki ölkənin iqtisadi maraqlarının müxtəlif formalarda kəsişməsi faktı dayanır. Son 10 ildən bir qədər artıq vaxt ərzində Çinlə Azərbaycanın ticari əlaqələri 3 dəfəyə qədər artıb. Lakin potensial imkanların bundan dəfələrlə artıq olduğu hər iki tərəfə tam aydındır. Elə bu səbəbdəndir ki, hər iki ölkənin siyasi rəhbərliyi iqtisadi əlaqələrin daha da genişləndirilməsi və bundan hər iki ölkənin maksimum iqtisadi fayda götürməsi şanslarını reallaşdırmağa qərar veriblər. Bu gün Çin dünya Ümumi Daxili Məhsulunun 13%-dən çoxunu istehsal edir. Bu prizmadan yanaşıldığı halda kimsə Azərbaycan Çin iqtisadi əlaqələrinin Çin üçün əhəmiyyətini lazımınca dəyərləndirməyə də bilər. Ancaq əsl həqiqət ondan ibarətdir ki, bu münasibətlərdə fiziki həcmlər ölçü vahidi deyil. Söhbət qarşılıqlı iqtisadi əlaqələrdən hər iki tərəfin maksimum yararlana bilməsindən gedir. Ən vacib olanı da elə budur. Əslində Çinlə Azərbaycanın iqtisadi əlaqələrinin tarixı çox qədimlərə gedib çıxır. Bu əlaqələrin başlanğıcı iki min il öncə Böyük İpək Yolu vasitəsilə qoyulub. Bu gün isə tarixi bu qədər qədim olan həmin əlaqələri əsaslı şəkildə genişləndirmək şansları yarınıb.
Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsində Azərbaycanın maraqları hər kəsə aydındır. Dünya iqtisadiyyatında bu qədər böyük rolu olan nəhənglərdən birilə iqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividentlər verə bilər. Digər tərəfdən, bu münasibətlərdən istifadə edib Çin kapitalının Azərbaycana yönəlməsinə nail olmaq mümkündür ki, bu da az əhəmiyyət kəsb edən məsələ deyil. Bəs Çinin Azərbaycan kimi çox da böyük olmayan bir ölkə ilə iqtisadi əlaqələri genişləndirməkdə marağının böyük olması nə ilə izah edilir? Bu sualın da cavabı aydındır. Artıq illərdir ki, Çin Qərbə – Avropaya daha səmərəli nəqliyyat dəhlizinin yaradılması üzərində düşünür. Çinin 2014-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 2013-cü illə müqaisədə 2,3% artaraq 26,43 trilyon yuani (bu günkü kursla təxminən 4,1 trilyon dollar) həcmində olmuşdur. Lakin bu qədər böyük iqtisadi uğurlara imza atan bu ölkədə loqistika məsələsi çox ciddi problemdir. Çin rəsmi dairələri tərəfindən verilən məlumata görə, ölkənin Ümumi Daxili Məhsulunda loqistika xərclərinin xüsusi çəkisi 18-20% arasındadır. Bu, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkələrindəki anoloji göstəricidən iki dəfə çoxdur və bu Çin hökumətini ciddi düşündürür.
Aydındır ki, həcmi quru yolu ilə daşınan yüklərdən 100 dəfə çox olan və uzun dəniz yolu ilə Qərbə daşınan yüklərin iqtisadi səmərəsi getdikcə azalır. Belə yüklərin daha qısa avtomobil və dəmir yolları vasitəsilə daşınması isə daşınan malların qiymətlərinin aşagı salınması hesabına onları daha çox rəqabət qabiliyyətli və daha rentabelli edə bilər. Bu səbəbdən ən qısa marşrutla Asiya ilə Avropanı birləşdirəcək həm avtomobil, həm də dəmir yollarının alternativi yoxdur. Çin bu planları coğrafi mövqeyi kifayət qədər uyğun olan Azərbaycan vasitəsilə reallaşdırmaqda olduqca maraqlıdır. Bu məqsədlə Çin hətta on milyardlarla dollar həcmində investisiya tələb edən və əsrin möcüzəsi hesab olunacaq bir layihənin – Xəzər dənizi üzərindən Qazaxstanla Azərbaycanı birləşdirən asma avtomobil yolunun çəklişini reallaşdırmağa da təşəbbüs göstərib. Elə Prezidentin son səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” da artıq bu qlobal transmilli yol layihələrinə start verildiyinin rəsmi bəyan olunması deməkdir. Həcmi yüz milyardlarla dollarla ölçülən yüklərin Azərbaycan ərazisindən daşınması isə Azərbaycanın büdcəsinə milyonlarla dollar əlavə vəsaitin daxil olması deməkdir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yolunda çox ciddi bir addım olacaqdır.
Çinin Azərbaycanla bağlı siyasi ambisiyaları yoxdur. Çin Azərbaycanla bərabər əsaslarla iqtisadi əməkdaşlıq etmək niyyətindədir. Bu gün Azərbaycanı öz təsir dairəsinə almaq üçün min bir oyundan çıxan Qərb ölkələri və qonşu ölkələrdən Çini bizim üçün fərqləndirən əsas məqamlardan biri də elə budur. Azərbaycan hökuməti bütün bu məqamları təhlil edib Çinlə əlaqələrin daha da genişləndirilməsi yolunu tutmağa qərar verib. Bu çox doğru və uzaqgörən bir siyasətin nəticəsidir. Bütün təhlillər göstərir ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı imzalanmış müqavilələr Azərbaycan iqtisadiyyatına çox ciddi tövhələr verəcək və indiki məqamda dövlət başçısının Çinlə əlaqələri daha da geniləşləndirməyə yönələn addımları olduqca yerinə düşən seçim və zəruri gedişdir.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor
www.yenicag.az