“Acınacaqlı haldır ki, bu gün qızların oğlan, oğlanların da qız kimi rəqs etməsi bir növ dəbə çevrilib”.
Bu sözləri tanınmış model və aktrisa Əfsanə Qasımova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi son vaxtlar sosial şəbəkələrdə paylaşılan və təbliğ olunan rəqslərdən danışıb. O, heç bir estetik zövq formalaşdırmayan belə rəqslərin mədəniyyətimizə zərbə vurduğunu təəssüf hissi ilə bildirib:
“Son zamanlar sosial şəbəkələrdə milli rəqsimizi oğlanların qız, qızların isə oğlan kimi ifa etdiyi videolar paylaşılır. Xüsusən insanların daha çox istifadə etdiyi “TikTok” platformasında heç bir estetik dəyərləri özündə əks etdirməyən rəqs nümunələri təqdim və təbliğ olunur. Acınacaqlısı budur ki, bu cür rəqslər böyük kütlə tərəfindən sevilir, qəbul olunur. Belə təbliğatın nəticəsidir ki, qızların oğlan kimi, oğlanların da qız kimi rəqs etməsi bir növ dəbə çevrilib. Bu isə rəqslərimizin və rəqs mədəniyyətinin getdikcə sıradan çıxmasına gətirib çıxarır”.
Sənətçi əlavə edib ki, bu zövqlərin korlanmasına xidmət edir:
“Xüsusən azyaşlı qızların oğlan kimi oynaması insanda qıcıq yaradır. Təəccüb doğuran hallardan biri də onları bu rəqslərə sövq edənlərin elə valideynlər olmasıdır. Tarixən bizim zəngin rəqs ənənələrimiz olub. Xanımlar toylarda, el məclislərində incə rəqslər edib, oğlanlar isə əksinə kişiyana və ağayana rəqsləri ilə fərqləniblər. Amma təəssüflər olsun ki, həmin rəqs mədəniyyətimiz getdikcə sıradan çıxmaqdadır. Peşəkar rəqqas və rəqqasələrimiz bu cür hallara reaksiya verməlidir, etiraz səsini ucaltmalıdır. Bunun qarşısının alınması üçün milli rəqslərimiz efirlərdə, sosial şəbəkələrdə və toylarda daha çox təbliğ olunmalıdır. Bu rəqslər və rəqqasələrimizin peşəkar səviyyədə rəqsləri nə qədər çox təbliğ olunsa, gənclərimiz də nəticə çıxarar”.
Cəvahir
www.yenicag.az