“Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır”.
Yenicag.az xəbər verir ki, bunu “AZƏRTAC”a açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində səsləndirdiyi bəzi fikirlərinə münasibət bildirən Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı var:
“Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.
Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir.
Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir.
İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.
Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır”.
www.yenicag.az