”Əliyev Qərb üçün lazımi vədlər verdi”
“Rusiya sanksiyalara uğradıqdan sonra vəziyyəti ağırlaşıb və bölgənin ən mühüm dövləti olan Azərbaycana böyük ehtiyacı yaranıb”.
Bu sözləri politoloq Qabil Hüseynli Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakı səfərinin nəticələrini şərh edərkən deyib. O, hər iki tərəfin Azərbaycanı öz yanında görmək istədiyini bildirib:
“Həqiqətən də Azərbaycan uğrunda ciddi mübarizə gedir. Hər bir tərəf Bakını öz yanında görmək istəyir. Azərbaycan isə elə bir xətt götürmək istəyir ki, burada tarazlaşdırılmış mövqe olsun. Məsələn, Azərbaycan Qərbə neftinə və digər enerji məhsullarına görə lazımdır. Əlbəttə, Qərbə Azərbaycanın tutduğu geosiyasi məkan da maraqlıdır. Bakı indiyə qədər Qərbə bacardığı şeyləri verib və bu da onları məmnun edib. Qərb həm də çalışır ki, Azərbaycan geostrateji baxımdan da onun yanında olsun. Amma onlar bizim problemlərə indiyə qədər başdansovdu yanaşıblar. Rusiya da ərazilərimizin işğalında, münaqişənin dondurulub hər iki tərəfə təsir üçün istifadə edilməsində iştirak edib. Amma son dövrlərdə tarixi şərait dəyişib. Rusiya sanksiyalara uğradıqdan sonra vəziyyəti ağırlaşıb və bölgənin ən mühüm dövləti olan Azərbaycana böyük ehtiyacı yaranıb, vəziyyəti qoruyub saxlamaq və Qərbə sübut olaraq alternativ bir sülh mərkəzi yaratmaqdan ötrü Azərbaycana ciddi şəkildə meyl edir. Əgər Moskva Qarabağ problemini həll etsə, Azərbaycanın rəğbətini qazana bilər və geosiyasi körpülərin açılmasına şərait yarada bilər. Bunu Lavrovun bu gün başlayacaq səfəri göstərəcək. Barrozu ilə danışıqlar prosesində də Əliyev Qərb üçün lazımi vədlər verdi. Hər şey Putinin səmimiliyindən asılıdır. Yenə də deyirəm, Lavrovla bugünkü danışıqlar bir çox məsələlərə aydınlıq gətirəcək”.