Əməkdar artistdən illər sonra ETİRAF: “Xanımıma dedim, bunu etsən, ailəmi dağıdacağam”
“Ailə quranda həyat yoldaşımla şərt kəsdim, dedim, məni o həddə çatdırma ki, nə vaxtsa sənə əl qaldırım.”
Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Vahid Əliyev deyib.
Boşanmaların artmasında gəlinləri günahlandıran aktyor onların iddialı olduğunu bildirib:
“İndiki qızlar çox iddialıdır, buna görə də boşanmalar artır. Güzəşt etmək bir yana, həyat yoldaşını o həddə çatdırma ki, münasibətlər boşanmaya gətirsin. Anaların da rolu böyükdür. Əvvəllər valideyn sözü eşidilirdi, ana qızına öyüd verirdi ki, həyat yoldaşına hörmət et. Amma indi analar qızlarının ailəsinin dağılmasında rol oynayırlar. İndiki qızlar kişiyə hörmət etmir, ailəni qorumaq üçün addım atmırlar.”
Sənətçi öz ailəsini misal çəkərək gəlinlərə səslənib:
“Ailə quranda həyat yoldaşımla şərt kəsdim: məni o həddə çatdırma ki, sənə əl qaldırım. Əgər bunu etsəm, ailəmi dağıdaram. Hörmət olmayan yerdə möhkəm ailədən danışmaq olmaz. Bu günə qədər ona əl qaldırmamışam, çünki məni o həddə çatdırmayıb. Sözüm sizədir, ay gəlinlər: ailənizi qoruyun, həyat yoldaşınıza hörmət edin, dilinizi bir az qısaldın.”
Cəvahir