“Ermənilər onun əvəzini çıxmağa cəhd edəcəklər”
Bunu açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyib.
Deputat bildirib ki, 20 ildən artıq hökm sürən atəşkəs şəraitinin müxtəlif formalarda pozulmasına qarşı dirəniş göstərərək hanısa addımlar atırdıqsa, bunu beynəlxalq vasitəçilər və erməni tərəfi bizim təxribatımız kimi qələmə verirdilər:
“Dünən baş verən hadisə bütün kadrlar üzrə təqdim olunduqdan sonra onları necə azğınlaşdığı hər kəsə məlum oldu. Onlar manevrlərinin azğın bir nöqtəsinə gəlib çatıblar və burada əsas məqsəd bizə hansısa qorxu yaratmaq, təxribatlara cəlb etməkdir. Eyni zamanda bu hadisə Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin Hərbi Hava Hücumundan Müdafiə sistemlərinin birgə keçirdiyi son təlimlərinə qarşı məhz bu cür vasitələrlə reaksiya vermək idi. İndi bizim bu addımı atan hərbiçimiz İlkin Muradovun addımını siyasətçilərimiz, dövlət adamlarımız, ictimai qurumların təmsilçiləri təkrarlamalıdır. Bu gün həmin məsələyə münasibətdə beynəlxalq dairələrdən hədələyici ton, ittihamlar, bizi qınamaq, gərginliyin artırılmasında suçu bizim üzərimizə atmaq mövqeyinə qarşı siyasi səngərdə biz savaşmalıyıq”.
Millət vəkilinin sözlərinə görə, hərbi qaydalara əsasən həmin helikopterin bizim postun üzərindən uçuşu qadağandır:
“Biz gözləməliyik ki, bizdən kimsə qətlə yetirilsin, hansısa hissədə maddi itkilər yaşansın, hansısa bir gerçək döyüş tapşırığını yerinə yetirsin, ondan sonra biz onlara qarşı addım ataq? Erməni hərbi qüvvələri Azəbaycan məkanının hətta qeyri-rəsmi razılaşdırılmış təhlükəsizlik zonası üzərində bu uçuşlarını yerinə yetiriblər. Azərbaycan öz gerçək hüququnu yerinə yetirib. Ağdam cəbhəsində hadisələrin təkrarlana biləcəyi mesajını bizə verən və bu məsələ ilə bağlı bizi hədələyən qüvvələrdə bilməlidir ki, əslində zərbə bu gün erməni cəmiyyətinə, xüsusilə Qarabağda yaşayan əhaliyə və orada xidmət keçən əsgərlərə dəyib. Hər kəs gördü ki, Azərbaycan hərbiçiləri sərrast döyüş qabiliyyəti imkanlarına malikdilər. Onların bu cür təxribatlarının qarşısı istənilən formada alınacaq. Ona görə də bizi küncə sıxmaq və beynəlxalq prinsipləri bu məsələ üzərində tapdalamağın heç bir adı yoxdur. Ermənilər səngərdə təxribatlar edirlər, amma hava məkanında bu manevrlərini təkrarlaya bilməyəcəklər. Bu hadisədən çıxan nəticə onu göstərir”.
Avropa Birliyi və ATƏT-in təmsilçilərinin bu məsələ ilə sərgilədiyi mövqeyə gəlincə, deputat iradlarını bildirib.
Z.Oruc qeyd edib ki, həmin qurumların bütün bu hadisələrin üzərindən keçib, erməni hərbiçilərinin formasını geyinib bizim əleyhimizə döyüşləri qalıb:
“Girov götürülənlərdən biri amansızlıqla qətlə yetirilib. Biz bu gərginliyin artırılmasında maraqlı deyilik. Məgər bu hadisəni dəyərləndirmək çətindirmi ki, həmin helikopterin uçuş zolağı açıq şəkildə bizim postlarımız üzərində olub. Hesab edirəm ki, ermənilər bundan sonra müəyyən güc qüvvələrinə əl ataraq onun əvəzini çıxmağa cəhd edəcəklər. Məhv edilən helikopterdə həyatını itirən 3 nəfərin məsuliyyəti isə Sarkisyan rejiminin və Qarabağdakı saxta rəhbərliyin üzərinə düşür”.