Ermənilər qisas almağa çalışır
“Naxçıvan hücumu zamanı ermənilərin iki nəfər itkisi onlara hələ də yer edib və bununla barışa bilmirlər”.
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov erməni mətbuatının Naxçıvan hücumu ilə bağlı yaydığı yeni informasiyaları şərh edərkən deyib. O, hazırda əsgər ölümlərinə görə Ermənistan rəhbərliyinin dalana dirəndiyini bildirib:
“Ermənilərin təbliğat maşını var gücüylə işləyir. Ermənistan mətbuatı deyir ki, PK-dan 400 güllə atıblar. Bununla onlar gücsüzlüklərini bir daha sübut edirlər. Beş nəfər əsgəri vurmaq üçün 400 güllə atmaq lazımdırmı? O ki qaldı Naxçıvan ərazisindəki gərginliyə, onu deyə bilərəm ki, hazırda naxçıvanda yox, Ermənistan ərazisində vəziyyət gərgindir. Ermənilərin itirdiyi iki muzdlu əsgərin dəfnində Müdafiə naziri iştirak edir. İndi təsəvvür edin ki, vəziyyət nə dərəcədə gərgindir? O bilir ki, Ermənistanda hər gün ölən əsgərlərə görə əsgər anaları onu divara dirəyirlər. Ona görə də qarşı tərəf hər dəfə bir yalan uydurur”.
Hərbi ekspert erməni saytlarına danışan həmin əsgərlərin dediyi “açdığımız atəş nəticəsində Azərbaycan tərəfi bizdən iki-üç qat çox itki verib” sözlərini gərginlikdən və ictimai təzyiqdən çıxmaq üçün düşünülən yalan olduğunu bildirib:
“Guya biz əsgər ölümlərini gizlədirik. Əgər onlardan çox, “iki-üç qat artıq” itki vermişiksə, onda bu rəqəm gəlib 6-ya çıxır. Əvvəla, Naxçıvan istiqamətində 6 nəfər əsgər ölümünü gizlətmək mümkündürmü? Yenə bir şəhid olsaydı, bunun gizlədildiyi haqqında yayılan xəbərin inandırıcılığı olardı. 6 əsgər ölümünü isə gizlətmək mümkün deyil! Bəli, biz bir əsgər itirmişik və iyunun 2-də Zaur Həsənov şəhid olub. Bunun ardınca onların iki əsgər – həm də muzlu və deməli, peşəkar əsgər – itkisi onlara çox ciddi təsir edib”.
Qeyd edək ki, bu gün erməni mətbuatı Naxçıvan hücumu zamanı Ermənistan ordusunun özünün atəşkəsi pozduğunu yazıb. Mətbuat erməni əsgərlərinin Azərbaycan snayperlərinin yerləşdiyi avtomobilə 400 ədəd güllə atdıqlarını bildirib. Həmçinin erməni mətbuatı insident zamanı Azərbaycan tərəfindən daha çox itkinin verildiyini qeyd edib.
Onu da xatırladaq ki, iyunun 5-də ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması nəticəsində Ermənistan ordusunun iki əsgəri Azərbaycan snayperinin gülləsinə tuş gəlib.