Fond elmi-tədqiqatlara 100 min ayırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 5-ci “Mobillik qrantı”nı elan edib.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, bu gün qurumun icraçı direksiyasında nəticələri yenicə elan olunmuş 4-cü “Mobillik qrantı” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
Toplantıda çıxış edən Fondun icraçı direktoru qalibləri təbrik edib, ölkədə həyata keçirilən elm siyasətinin uğurlarından söz açıb.
Tədbirdə həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 5-ci “Mobillik qrantı” müsabiqəsi elan edilib.
Müsabiqə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak, Azərbaycanda alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə elan olunub.
Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin həcmi 100 000 (yüz min) manat təşkil edəcək. Kiçik maliyyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə 2014-cü il 1 oktyabr – 31 dekabr tarixlərində Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə, xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyyələşdirilməsi təmin ediləcək.
Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü il 17 iyun tarixindən başlayaraq 31 iyuladək qəbul olunacaq. 5-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələrinin 2014-cü ilin sentyabr ayında açıqlanması planlaşdırılır. Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.