Həbsdə olan biznesmen ailəsi ilə görüşə bilmir
Həbsdə olan biznesmen Abdulla Abdullayevin (“A.M.A.Y.” Abdulla- red.) vəkili Əkbər Bağırov açıqlama verib.
O, noyabrın 13-də deyib ki, Abdulla Abdullayev Bakı İstintaq Təcridxanasında saxlanır, məhbusun saxlanma şəraitindən şikayəti yoxdur, səhhəti normaldır: “Abdulla Abdullayevin ailə üzvləri ilə görüşündə müəyyən problemlər var. Bu barədə müvafiq müraciətlərimiz olub, vəsatətlər vermişik”.
Əkbər Bağırov qeyd edib ki, iş üzrə istintaq hərəkətləri davam etdirilir: “İstintaqın gedişinə uyğun müdafiə hərəkətləri də aparılır. Biz əvvəlcədən ittihamla razı deyildik, mövqeyimiz indi də belədir”.
Abdulla Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılandan sonra dekabrın 12-dək qüvvədə olduğunu deyən vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin həbsin uzadılması haqda sentyabr ayında çıxardığı son qərardan apelyasiya şikayəti verib, amma şikayət təmin olunmayıb.
Xatırladaq ki, Abdulla Abdullayev aprelin 4-də tutulub. Baş Prokurorluq onu 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. (mediaforum.az)