Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə yazıçı Aysel Sadak İltaşın “Heydər Əliyev – İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində akademiya tərəfindən bir çox mühüm nəşrlər həyata keçirilib. O, bu kitabın da Heydər Əliyev irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Təqdimat mərasimində çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrım kitabda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hərtərəfli şəkildə işləndiyini və onun müasir tariximizdəki mövqeyinin dərindən təhlil edildiyini vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov çıxışında Ulu Öndərin millətə və Vətənə bağlılığını qeyd edib. O, həmçinin vurğulayıb ki, Heydər Əliyev yalnız Azərbaycanda deyil, eyni zamanda Türkiyənin mədəniyyət və elm xadimlərini də ölkəmizə dəvət edərək, iki qardaş xalq arasında sıx əlaqələr qurmuşdur.
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da kitabın onun üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Aysel Sadak İltaşın Azərbaycanın müstəqillik mübarizəsinin iştirakçılarından biri olduğunu və kitabın bu baxımdan xüsusi dəyərə malik olduğunu bildirib.
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə Ulu Öndər Heydər Əliyev ilə müxtəlif görüşlərindən danışaraq, onun Azərbaycan üçün tarixi əhəmiyyətə malik olan böyük işlər gördüyünü qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz çıxışında bildirib ki, bir milləti yenidən qurmaq, onu əsarətdən qurtarmaq asan deyil. Heydər Əliyev məhz bu böyük və çətin strategiyanın müəllifi olaraq, Azərbaycanın müstəqillik və inkişaf yolunda mühüm rol oynamışdır.
Tədbirin sonunda müəllif Aysel Sadak İltaş iştirakçılara təşəkkür edərək, kitabın Ulu Öndərin həyatını və irsini yeni nəsillərə tanıtmaq məqsədilə yazıldığını vurğulayıb.
Samir Məcidov
www.yenicag.az