Bu gün Hüquq və İnsan Haqları İnstitutunda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masa təşkil olunub.
Yenicag.az xəbər verir ki, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbir Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəzi) və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə keçirilib.
Dəyirmi masada həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması və hüquq mühafizə orqanları ilə vətəndaşlar arasında sağlam dialoqun qurulması üçün qanunvericilikdəki boşluqların aradan qaldırılması və təkmilləşdirilməsi istiqamətində həll yolları müzakirə olunub.
Tədbirdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə açılış nitqi ilə çıxış ediblər.
Görüşə Nazirlər Kabinetinin, Milli Məclisin, Baş Prokurorluğun, Konstitusiya Məhkəməsinin, Nəsimi Rayon Məhkəməsinin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının, Vəkillər Kollegiyasının Akademiyasının həmçinin bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri qatılıblar. Bu qurumlar arasında Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, DİN Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Dövlət İdarəçilik Akademiyasının hüquq fakültələrinin dekan və kafedra müdirləri və media nümayəndələri də iştirak ediblər.
Nəsimi Ələsgərli
www.yenicag.az