“Əjdər sənət aləmində yeri dolmayan aktyorlardandır. İki ildir aramızda yoxdur, amma teatr və kino aləmində onun yeri görünür”.
Bunu bu gün anım günü olan Xalq artisti, mərhum aktyor Əjdər Həmidovla bağlı fikirlərini bölüşərkən Əməkdar artist Mehriban Xanlarova Yenicag.az-a açıqlamasında deyib.
Aktrisa sənət dostunu həm aktyor, həm də bir insan kimi xarakterizə edib:
“Əjdər ona həvalə olunan rolu sadəcə oynamırdı, həm də özü olurdu. Elə buna görə də tamaşaçı onu sevirdi, qəbul edirdi. Teatr aktyoru olsa da, daha çox çəkildiyi filmlərlə populyarlıq qazandı. İnsanlar onun “Kişi sözü” filmindəki Qasım obrazını çox sevirlər. Koloritli aktyor idi. Əjdər həm də insan kimi mükəmməl idi. Sakit, fağır görkəminin arxasında da böyük ürəkli, mərhəmət dolu bir insan dayanırdı. Hələ bir dəfə də olsun eşitmədim ki, Əjdərin teatrda, ya teatrdan kənarda kiminləsə problemi olsun. İntriqalardan uzaq, konfliktsiz adam idi. Başını aşağı salıb işini görərdi. Çox dostcanlı idi, dara düşən dostlarının həmişə yanında olmağa can atardı. Ölüm xəbərini alanda nəinki teatrın kollektivi, onu sevən bütün tamaşaçılar sarsıldı. Qəribə tale yaşamışdı, bir neçə dəfə ölümdən dönmüşdü. Amma sonuncu dəfə ölümün caynağından qurtula bilmədi…
Amma Əjdər o aktyorlardandır ki, ölümündən sonra da yaşayır. Hər dəfə efirdə onun çəkildiyi filmlər, səhnə əsərləri nümayiş etdiriləndə biz Əjdərin sağ olduğuna inanırıq”.
Deyilənə görə, mərhum aktyor Vaqif Musayevin “Yoxlama” filminə çəkilərkən yüksəklik səhnəsi çəkilən zaman qorxub və keçirdiyi stress nəticəsində xəstələnib. Onun hətta psixoloji problemlər yaşayaraq, iki dəfə intihara cəhd etdiyi barədə də xəbərlər dolaşdı.
Mehriban Xanlarova həmin xəbərlərin yalan olduğunu bildirib:
“Boş-boş söhbətlərdir. Əjdərin ağlı da yerindəydi, düşüncəsi də…Çox pozitiv, deyib-gülən insan idi. Ölüm haqqdır, hər birimiz bir gün dünyadan köçəcəyik. Heç bilmirik bir gün sonra başımıza nə gələcək. O da öz taleyini, qədərini yaşadı”.
Qeyd edək ki, Əjdər Həmidov 2020-ci il noyabrın 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.
Cəvahir
www.yenicag.az