Bakının Yasamal rayonunda silahlı insident borc səbəbindən baş verib. İstintaqın irəli sürdüyü ilkin versiya belədir.
Yenicag.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Xatırladaq ki, dekabrın 22-də 23:50 radələrində Şərifzadə küçəsində 67A nömrəli evin qarşısında naməlum şəxs “Niva” markalı avtomobilə atəş açıb. Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb.
Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Z.Muradovun vəziyyəti ağır qiymətləndirilir.
Alınan məlumata görə, yaralı şəxslər silahlı hücuma məruz qaldıqları yerin yaxınlığında yaşayırlar.
İlkin məlumatlara görə, münaqişəyə səbəb külli miqdarda pul borcu olub.
Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.yenicag.az