İnsanları körpüdə intihar etməyə vadar edən səbəblər…
Tez-tez sosial mediada intihar xəbərlərini oxuyuruq. Xüsusilə son dönəm intihar halları daha da çoxalıb. Əksər hallarda yeniyetmələrin intihara cəhd etdiyinin şahidi oluruq. İradə zəifliyi, sosial problemlərin çoxluğu insanların bu yolu seçməsinə gətirib çıxarır. Xüsusilə də, intihar edən insanların psixologiyasında ciddi problemlərin olduğunu da görürük. Üstəlik də uşaq və yeniyetmələrin valideyn tərəfindən dinlənilməməsi, edilən təzyiq bu kimi hallara gətirib çıxarır.
Bir məqama nəzər yetirək. “Koroğlu” metrostansiyasının qarşısındakı körpü bir növ, intihar edənlər üçün məskənə çevrilib. Onlarla insan körpüyə çıxaraq, intihar edəcəyini hamıya bəyan edib. Artıq el arasında həmin körpü “intihar körpüsü” də adlanır. Bu tendensiyanın özü bizə ciddi şəkildə düşünməyə əsas verir. Problemlə bağlı psixoloq İmdad Əlizadənin fikrini öyrənməyə çalışdıq.
İmdad Əlizadə. psixoloq: “İnsanı intihara əl atmağa vadar edən müxtəlif səbəblər var. Əksər hallarda intihar qərarı anidən verilmir, bu uzun bir prosesin nəticəsi kimi ortaya çıxır. Ağır xəstəliklərdən əziyyət çəkənlər, pis vərdişi olanlar, həyatdan zövq ala bilməyən, özünü təsdiqləyə bilməyən insanlar həyatlarına son qoymaq üçün intihar edirlər. Mən hesab edirəm ki, əslində intiharın səbəblərini tam üzə çıxarmaq mümkün deyil. Çünki o səbəblərin əksər və ən vacib hissəsini intihar edən şəxs özü ilə aparır.”
Sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu apardıq. “İnsanları intihara vadar edən nədir?” sualı ilə onlara müraciət etdik.
Əsəd Qaraqaplan: “Məncə, intihar şüuraltı məsələdir. Düşücəli insanlar bunu məntiqlə, düşüncəsiz insanlarsa məntiqsizliklə edirlər. İnsanı şüurlu şəkildə inrihara vadar edən səbəblərin kökündə əsasən həyatın düzəni, ədaələtsizliyi, insanların onu biraz da pis günə qoymaları olur. Məncə, daha çox “özünü bu dünyaya aid etməməkdən” doğur intihar. Bunun içində mənəvi, fiziki, maddi, psixoloji, sosial-siyasi səbəblər də daxildir. Onlar hamısı öz amansızlığı və murdar tərəfləyirlə ortaya çıxınca insanlar sanki yaşadıqları dünyanın yaşamalı olmadıqları dünya olduğunu anlayırlar. Məncə, intihar düşüncəli insan üçün cəsarət, düşüncəsiz insançün isə qorxaqlıqdır.”
Ramil Paşayev: “Məncə insanları intihara vadar edən səbəblərdən ən birincisi sosial problemlərdir. Həyatında ciddi maddi sıxıntıları olan insanlar sanki boşluğa düşürlər və bu boşluqdan çıxmağı ancaq intiharda görürlər, bu proses tədricən baş verir. Yəni insan heçnədən intihara təşəbbüs göstərmir.
Fazil Nəsirli: “İnsan xoşbəxt omadığını hiss etdiyi zaman intihara əl atdığını düşünürəm”
Sevinc Əlizadə: “İntihar yalnız və yalnız psixoloji travmanın nəticəsidir”
İnci Yusifova: “ İnsanları intihara vadar edən elə insanların özüdür. Ümumilikdə isə, hamının fikri fərqlidi kimin nə səbəbdən intihar etdiyini dəqiq deyə bilmərəm.
Soltan Murad: “Müxtəlif səbəblər insanları intihara vadar edə bilər: maddi, ruhi, ailə , sevgi ve bașqa durumların pisləșməsi. Bu həm də șəxsin temperament tipi , iradəsi və dözümlülüyünden asılıdır. Amma bir də mənim üçün “ali intihar” hadisəsi vardır ki, bunu yalnız Albert Camusu oxuyanlar anlaya bilər.”
Vüsalə Rzayeva: “Hal hazır ki vəziyyəti götürsək maddi imkansızlığın yaratdığı çarəsiz və məmur özbaşınalığından bezmiş insanlar daha çox intihar edir”
Jalə Umudova: “Azərbaycanda intihar edənin adətən kiməsə, borcu olur.”
Əminə İlyaslı: “Mənəvi təklik özü ən böyük intihardır. Bəzən bizlər, insanları düzgün anlamırıq”.
Kamran ƏDALƏTOĞLU/Yenicag.az