Sentyabrın 11-də İqtisadi Şuranın növbəti iclası keçirilib.
Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, Mərkəzi Bankın sədri Taleh Kazımovun və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla 2025-ci ilin büdcə zərfinə daxil olan bütün sənəd və məlumatların Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
www.yenicag.az