Qəzzada daimi atəşkəs və Türkiyədə məhkumların mübadiləsi üçün aparılan müzakirələrin təfərrüatı məlum olub. Belə ki, danışıqlara dair hazırlanan mətnin son mərhələsinə gəlinib.
Yenicag.az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, bu barədə təhlükəsizlik mənbələrindən xəbər verilib.
Bildirilir ki, hələ dəqiq olmayan mətnə görə, tərəflər arasındakı danışıqlar HƏMAS-ın əlindəki hər bir girov üçün 12 fələstinli məhbusun azad edilməsi üzərindən aparılır. Əsas müzakirə mövzusu isə İsrailin öz həbsxanalarında olan fələstinli məhbusları necə və nəyə görə azad edəcəyidir.
30 ildən az həbs cəzası alanları buraxmağı qəbul edən İsrail bu müddətdən çox cəza alanların azad edilməsinin öz ixtiyarında olmasını istəyir.
İsrail həbsxanalarında Fələstinin “Fəth” hərəkatının liderlərindən Mərvan Barquti daxil təxminən 50 nəfərin 30 ildən çox cəzası var. İsrail bu adlar üzərində veto hüququ tələb edir.
HƏMAS-da təxminən 120 israilli girovun olduğu təxmin edilir. Qəzzada İsrailə qarşı döyüşən başqa qrupların da əllərində girovların olduğu bildirilir.
HƏMAS-ın son 2,5 ayda intensivləşən danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirdiyi, prosesin müsbət irəlilədiyi qeyd olunur.
O da vurğulanır ki, danışıqların bu mərhələyə gəlinməsində Türkiyənin əhəmiyyətli töhfəsi var.
Qəzzada daimi atəşkəsin təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi, həmçinin ABŞ, Qətər və Misirin cəhdləri nəticəsində danışıqların yaxın günlərdə müsbət nəticələnməsi gözlənilir.
www.yenicag.az