Kərəm MƏMMƏDOV: İlk Azərbaycan dövləti: Sacilər
Və ya ermənilərin qorxulu röyası Məhəmməd Sacoğlu barədə bilmədikləriniz…
VIII yüzilliyin sonlarından başlayaraq Xilafətdə real hakimiyyət türklərin əlinə keçməyə başladı. Ərəb xəlifələri, Xilafət ərazisində bir çox üsyanları, o cümlədən Xürrəmilər hərəkatını yatırtmış müsəlman türklərlə hesablaşmağa məcbur idilər. Xəlifə sarayında türk sərkərdələrinə hörmətlə yanaşılır və ən məsul vəzifələr onlara həvalə olunurdu. Belə sərkərdələrdən biri də Məhəmməddin atası Əbu Sac Divdadoğlu idi. O, Məkkə yolunun rəisi, Əhvaz, Kufə, Mədain kimi strateji əhəmiyyətli şəhərlərin hakimi vəzifəsində çalışmışdı.
889-cu ildə Afşin ləqəbini daşıyan Sacoğlu Məhəmməd xəlifə Azərbaycana hakim təyin edilir. Sacoğlu Məhəmməd onun bu təyinatı ilə razılaşmayan Marağa hakimi Abdullah Həmədanini məğlub edərək, 893-cü ildə Azərbaycanda tam ələ alır və ölkədəki müsəlman türklərə arxalanaraq xəlifədən asılılığı rədd edir. Azərbaycan hökmdarı ilə xəlifə arasındakı münaqişədən istifadə edən, Sacoğlu Məhəmməd tərəfindən ermənilərə vali təyin olunmuş I Smbat Bizans imperatoru VI Levin köməyilə (886 – 912) Dəbil və digər müsəlman şəhərləri üzərinə dağıdıcı basqınlar təşkil etdi. “Smbatın başına tac qoymuş Sacoğlu Məhəmməd onun imperatorla yaxınlığından acıqlandı və böyük ordu ilə onun üzərinə yeridi”. Sacoğlu Məhəmmədə qarşı 30 minə qədər ordu yığsa da açıq döyüşə girməkdən çəkinən I Smbat hiyləyə əl ataraq, Azərbaycan hökmdarının naxçıvandakı düşərgəsinə elçi göndərdi.
O, Sacoğlu Məhəmmədə göndərdiyi məktubda yazırdı : “Ќiyə heç nədən acıqlanıb üstümə gəlirsən. Əgər buna səbəb mənim imperatorla dostluğumdursa, bu sizin də xeyrinəzidir. Çünki onda əmirəlmöminin (Xəlifə nəzərdə tutulur – müəllif) də, elə sənin özün də Yunanıstandan (Bizans nəzərdə tutulur – müəllif) gərəkli şeyləri asanlıqla ala bilərsiniz. Sizlərə hədiyyə kimi adınıza layiq geyimlər, bəzəklər, müxəlləfat çatdırılacaq. Sizin tacir dindaşlarınız üçün yunanlar ölkəsinə yol açılacaq və sizin xəzinlər daha da zənginləşəcək”. I Smbatın şirin dilinə aldanan Sacoğlu Məhəmməd paytaxtı Marağaya döndükdən dərhal sonra qəfil hücumla Dəbili tutan ermənilər şəhər hakimi Umayla qardaşı Məhəmmədi xeyli incitdikdən sonra qandallayaraq Bizans imperatoru VI Levə göndərdilər. “Şəhər əhalisinin bir hissəsini sözlə, qalanlarını zorla tabe etdikdən sonra I Smbat yeni ərazilər tutmaq üçün qollarını çırmaladı” Ərzurumu, Hunarakerti (Hun şəhərini – indiki Qaraqoyunlu dərəsi yaxınlığında olmuşdur), Tiflisi, Tovuzu və Şəmkiri tutdu”. Həmin ildə baş vermiş dəhşətli zəlzələ Dəbil şəhərini xaraba qoydu.
Bu zəlzələdən dəhşətə gələn Maştos adlı erməni rahibi yazırdı: “Bizim artan günahlarımız nəticəsində şənlik edənlərin ağızlarındakı loxma udulmadı, Tanrı onların çənələrini bağladı. Tutduqları evlər onlara qəbir oldu. Onun (Tanrının) hökmünə təəccüblənməyin. Çünki hər biriniz yaramazsınız”.
Ermənilərin bu “yaramazlıqları” Azərbaycan hökmdarı Sacoğlu Məhəmmədi yenidən ölkənin qərb sərhədlərini bərpa etmək üçün hərbi yürüş təşkil etməyə vadar etdi. Sacoğlu Məhəmmədin Ќaxçıvana çatdığını eşidən I Smbat Dəbil şəhərini qoyaraq qaçdı. Erməni katolikosu Gevork aman diləmək üçün Sacoğlu Məhəmmədin yanına göndərildi. Gevorku xoş üzlə qarşılayan Sacoğlu Məhəmməd I Smbatla görüşmək istədiyini bildi. I Smbatı bu görüşə razı sala bilməyən katolikos ikinci dəfə Sacoğlu Məhəmmədin yanına gəldikdə Azərbaycan hökmdarı onu qandallayaraq, ermənilər üzərinə yeridi. Bu dəfə də I Smbat xərac verməklə canını qurtara bildi. Sacoğlu Məhəmmədin Marağaya dönməsindən istifadə edən I Smbat bu dəfə Amid üzərinə hücum etdi. Bu hadisə Sacoğlu Məhəmmədin III dəfə ermənilər üzərinə yeriməsinə səbəb oldu. Sacoğlu Məhəmməd, I Smbatın arvadının, gəlininin və digər erməni feodallarının qadınlarının rahibə paltarı geyinərək gizləndikləri Qarsı yenidən Azərbaycana birləşdirdi. “Qalada olan bəzi xristianları qorxu bürüsə də, Sacoğlu Məhəmməd onlara toxunmadı, şəhərliləri vergi və zülmdən azad etdi, yalnız I Smbatın arvadına, gəlininə və erməni feodallarının arvadlarına nəvaziş göstərəkək özü ilə Dəbilə apardı”. Sacoğlu Məhəmməd I Smbatdan oğlu Aşotu girov, qardaşı qızı Şapurun qızını isə ona ərə verməyi tələb etdi. Azərbaycan hökmdarının tələbini yerinə yetirən erməni hakimi öz canını qurtara bildi. Qızının toyunda iştirak edən Şapur öz kürəkənindən xeyli hədiyyələr alaraq I Smbatın yanına qayıtsa da, erməni hakiminin arvadı və gəlini geri dönməkdən imtina etdilər. Məkrli I Smbat bu dəfə Azərbaycan hökmdarına qarşı İber knyazı Atrnersexlə ittifaq qurdu.
I Smbat Dəbil və digər müsəlman şəhərlərini, Atrnersex isə Tiflis müsəlman əmirliyini ələ keçirmək istəyirdi. Bu xəbəri eşidən Sacoğlu Məhəmməd 895 – ci ildə Tiflisi, Dəbili və müsəlmanlara məxsus digər şəhərləri erməni – iber hücumlarından qorudu. Oğlu Divdadı Dəbilə hakim təyin edən, Atrnersexlə I Smbatı özündən asılı vəziyyətə salan, Azərbaycan hökmdarı Marağaya döndü. Sacoğlu Məhəmmədin xacəbaşısını ələ alan I Smbat onun vasitəsilə oğlu Aşotu və Qars qalasında əsir tutulmuş gəlinini qaytara bildi. Xəyanətkar xacəbaşı bu hadisədən sonra Misirə qaçsa da ələ keçirələrək edam olundu. I Smbatın məkrli siyasətindən bezmiş Sacoğlu Məhəmməd 901-cü ildə ermənilər üzərinə yeni yürüşə hazırlaşmağa başladı. Lakin həmin il Azərbaycanda geniş yayılmış taun xəstəliyindən vəfat etdi.
Sacoğlu Məhəmməd Azərbaycan tarixində təkcə uğurlu qələbələri, böyük Azərbaycan dövləti qurması ilə yanaşı həm də müstəqilliyin atributu kimi pul kəsdirməsi ilə də yadda qalmışdır. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası (əslində Qərbi Azərbaycan – müəllif) ərazisindən 898-ci ilə aid edilən (hicri tarixlə 287-ci il), Bərdədə kəsilmiş və üzərində “Allah, Məhəmməd rəsulallah, əmirəlmöminin Mötəzid Billah, Afşin (Sacoğlu Məhəmmədin ləqəbi – müəllif)” yazılmış sikkə tapılmışdır.
Beləliklə dünya, xüsusilə də Türkiyə tarixşünaslığında qəbul olunduğu kimi ilk müsəlman-türk dövləti Qaraxanlılar deyil, ondan yarım əsr əvvəl Sacoğlu Məhəmməddin başçılığı altında qurulmuş Azərbaycan Sacilər dövlətidir. Bu dövlət Bizansın və eləcə də onun havadarlıq etdiyi erməni-gürcü feodallarının Cənubi Qafqaza yiyələnmələrinin qarşısını aldı. Azərbaycan Sacilər dövləti ondan 200 il sonra qurulacaq olan Böyük Səlcuq dövlətinin Anadolunun içərəilərinə doğru irəliliməsinə şərait yaratdı. Sacoğlu Məhəmməd Azərbaycanın sərhədlərinin qərbdə Malatyaya, Ərzuruma, Qarsa, şərqdə Xəzər dənizinə, cənubda Həmədana, şimalda Dərbəndə qədər uzanmasına nail oldu.
Yeni Çağ AİA
www.yenicag.az