Həbsdə olan Mehman Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Yenicag.az-ın məlumatına görə, M.Hüseynov müraciətində 2 ilə yaxındır cəza çəkdiyini, bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə arasında hər hansı xoşagəlməz hadisə olmadığını, həmişə rejimə əməl etməyə çalışdığını qeyd edib. Lakin ötən il dekabrın 26-da cəza çəkdiyi müəssisədə insident baş verdiyini və bu hadisəyə görə günahlandırıldığını bildirib. O, baş vermiş hadisədə günahı olmadığını vurğulayıb.
M.Hüseynov 2 mart tarixində cəzasının müddətinin bitdiyini, bu tarixi çox gözlədiyini, yenidən məhkum olunmaq, cəza almaq istəmədiyini deyib. O, kiminsə hərəkətinə görə məsuliyyət daşımadığını, amma kiminsə onun vəziyyətindən özü üçün istifadə etməsini istəmədiyini də qeyd edib. Bbildirib ki, onu yalnız bir şey maraqlandırır, o da azadlığa çıxmaqdır. Ona yeni cəza verilməsinin tək qalmış 70 yaşlı atası üçün də böyük zərbə olacağını qeyd edib.
M.Hüseynov Prezident İlham Əliyevdən araşdırmanın düzgün aparılmasına göstəriş verməsini xahiş edib. O, əmin olduğunu bildirib ki, dövlət başçısının müdaxiləsi olarsa, işi üzrə qərar ədalətli olacaq.
www.yenicag.az