Son illər təzə oğrular arasında “blatnoy” sanksiyanın daha biri meydana çıxıb. Bu, maliyyə sanksiyasıdır. Onun prinsipi son dərəcə sadədir: “səhvə yol vermisənsə, zəhmət çək, cərimə ödə”. Bu cərimələrin məbləğini də oğru icması müəyyənləşdirir. Məbləğ hərdən milyon dollara çatır.
Qədim zamanlarda satqın oğrunu yalnız başqa bir oğru öldürə bilərdi. İndi isə zövqlər və qanunlar bir balaca dəyişib. İndiki “zakonniklər” çox şeyi başqalarının əli ilə etməyə üstünlük verirlər. Elə bu səbəbdən də əksər qərarların icrası killerlərə tapşırılır. Satqınlar arasında hərdən elələrinə rast gəlmək olur ki, onları qətlə yetirmək üçün az qala qumbara atanlardan və minalardan istifadə etmək lazım gəlir. İndiki qanuni oğrular çox vaxt cangüdənlərin əhatəsində, zirehli maşınlarda gəzirlər. Odur ki, “sxodka”nın qərarı ilə qanunu pozmuş beləsinin kəlləsini pres altında qoymaq bir qədər problemlidir…
Oğru məhkəməsi çox qəddardır, lakin onu aradan qaldırmaq hələ heç kəsin ağlına gəlmir. Bir dəfə tanınmış qanuni oğrulardan biri belə bir söz demişdi:
“Dövlətin adından hökm çıxaranlar kimlərdir? Bir neçə nəfərdən ibarət məhkəmə kollegiyası. Bizdə isə qərarı azı əlli oğru çıxarır. Onların hər biri bərabər hüquqlara malik hakimdir…”
…Ötən əsrin 70-ci illərinədək “obşak”a yalnız ayrı-ayrı “zeklər” deyil, həm də bütöv lagerlər pul verirdi. Məbləğ kiçik idi – hər zondan 150-200 manat. Beləliklə, ümumi, möhkəmləndirilmiş və ciddi rejimli islah müəssisələri “osobıy” və “krıtıları” “qret” eləyirdi. Lakin sərbəst “obşak”lar güclü maliyyə strukturlarına çevriləndən sonra bu ehtiyac öz-özünə yox oldu.
Fəaliyyətə başlamasının ilk illərində sərbəst “obşak” oğruların könüllü ianələri hesabına zənginləşirdi. Cibgirlər, “medvejatniklər” (seyfaçanlar), saxta pul kəsənlər, ev oğruları, qumarbazlar və digər kriminal elementlər öz qənimətlərinin bir hissəsini (təxminən 20 % ni) “obşak”la bölüşürdülər. Yığılmış vəsaitin harada saxlanacağı “sxodka”da müəyyənləşdirilirdi. Pulları əldən-ayaqdan uzaq bir yerdə gizlədilmiş seyfə də yığa bilərdilər. Oğrular “sxodka”da kassiri seçir və seyfin açarlarını ona təqdim edirdilər. “Obşak”ın yiyəsi olan həmin bu oğru kassanı qorumaqla məşğul olurdu.
Əlbəttə, pulu seyfdə saxlamaq çox da etibarlı sayıla bilməzdi. İstənilən “şnifer” və yaxud “medvejatnik” pulun yerini bilsə, həmin seyfi bir neçə dəqiqəyə açardı. Lakin oğru kassası bütün kriminalitet üçün şərəf işi, müqəddəs sayıldığından “obşak”a meyil salmış istənilən şəxsi yalnız ölüm gözləyirdi. Oğruların “obşak”ı yoxlamaq üçün təyin etdiyi müfəttişlər kəsir tapsaydılar, əməlli-başlı təhqiqat aparılırdı. Adətən, pulun hara yox olduğunu kassirin özündən soruşurdular.
Bəzən isə “obşak”ın pullarını “dondururdular”, yəni uzun müddətə gizlədirdilər. Pulları gizlətmək üçün çox vaxt qəbiristanlıqdakı təzə qəbirlərdən istifadə olunurdu.
50-ci illərdə belə bir hadisə baş vermişdi. “Obşak”ın kassasına baxan kassir pulun çox cüzi bir hissəsini gizlincə mənimsəmiş və vəsaitin çatışmazlığı təsadüf nəticəsində aşkarlanmışdı. Oğru pulu götürdüyünü etiraf etmiş və bir həftədən sonra qaytarıb, yerinə qoyacağına and içmişdi. “Bratva” isə onun yol verdiyi bu günahı bağışladığını desə də, kassiri əbədi “istirahətə” göndərmək haqqında qərar çıxartmışdı…
Müasir qanuni oğrular öz hiss və həyəcanlarını bir qayda olaraq, arxa plana keçirir, hər şeydə dəqiq haqq-hesaba üstünlük verməyə çalışırlar. Bu yaxınlarda həbsxanadan qayıdaraq, “bratva” ilə məsləhətləşmədən “obşak” pullarına üçmərtəbəli mülk alan bir oğrunun hərəkətinə “sxodka” “zapadlo” qiyməti vermişdi. Bundan sonra oğruya tapşırmışdılar ki, evi satsın və pulunu cərimə ilə birlikdə “obşak”a qaytarsın. Həmin cərimə borcun özündən iki dəfə çox müəyyənləşdirilmişdi. Bütün bu əməliyyat üçün oğruya cəmisi bir sutka vaxt verilirdi. Özünü itirmiş oğru cərimənin məbləğini azaltmağa, ödəməni müəyyən müddətə təxirə salmağa çalışsa da, “sxodka” üzvləri razılaşmamışdı. Ölməmək üçün o, özünün oğru adından istifadə edərək, “obşak”dan dəhşətli faizlərlə kredit götürməyə məcbur olmuşdu. Borcunu ödəyən oğru sonralar uzun müddət krediti qaytarmaq üçün çalışmış və deyilənlərə görə, xeyli çəksə də, o, “obşak”ın borcundan çıxaraq, canını sağ-salamat qurtarmışdı…
Müasir, sərbəst “obşak”lar leqal maliyyə qurumu kimi fəaliyyət göstərməyə üstünlük verirlər. Amma əsasən, bu cür fəaliyyət mütləq axırda bir qəmbərqulu ilə nəticələnir. Odur ki, belə “obşak”ların əksəriyyəti yenə də gizli şəraitdə yaşayır. Leqal qurumların bank hesabını hər an həbsə ala bilərlər. Sovet dövründə “obşak” pullarını adətən, əmanət kassalarında kriminal keçmişi olmayan şəxslərin adına saxlayırdılar. Pulu saxlamağın bu etibarlı üsulu yenidənqurma əyyamında öz etibarsızlığını sübuta yetirdi.
Bu gün mütəxəssislərin dediyinə görə, oğrular nağd pulu inflyasiya faizi az olan valyutada, dollarla saxlamağa üstünlük verirlər. Bu cür kassanı bir nəfər yox, iki nəfər qoruyur. Bəzi məlumatlara əsasən, sərbəst “obşak”ın mühafizəçiləri iyirmi nəfərədək arta bilər. Onların hamısı “sxodka”da seçilir. Oğru kassasının mühafizəsi həm şərəfli, həm də kifayət qədər gəlirli bir işdir. Bu iş oğru əqidəsinə son dərəcə sadiq olan fanatiklərə tapşırılır. Pulun saxlanma yeri, onu “obşak”dan çıxartmağın yolları barədə yalnız mühafizəçilər məlumatlanırlar. Həmin mühafizəçilər gizli mənzillərdə saxta pasportlarla yaşayır və başqa bir kriminal fəaliyyətlə məşğul olmurlar. “Obşak”ın təhlükəsizlik sistemi o qədər dəqiq tənzimlənir ki, hətta mühafizəçilər arasında hər hansı gizli anlaşma da nəticə verə bilməz. Mühafizəçilər vəsaitə göz dikmiş, hətta ən hörmətli qanuni oğrunu belə qətlə yetirə bilərlər.
Lager “obşak”ı özündə milyonlarla dollar vəsait toplayan sərbəst “obşak”larla müqayisəyə gələ bilməz. Hörmətli “zakonnik”lərdən biri Amerika Birləşmiş Ştatlarına gələndən sonra Dolqoprudnenski oğrularından kömək məqsədi ilə 400 min dollar vəsait almışdı. Söyləyirlər ki, həmin oğru pulu alandan sonra təəssüflə köksünü ötürmüşdü. Çünki o, məbləğin daha böyük olacağını güman edirdi.
Sərbəst “obşak” narkobiznes üzrə miqyaslı əməliyyatları maliyyələşdirir, yüksək çinli dövlət məmurlarını rüşvətlə ələ alır, həlak olmuş avtoritetlərin ailələrinə təqaüd verir. Bəzi məlumatlara əsasən, bu təqaüdün məbləği ayda 1000 dollarla 5 min dollar arasındadır. Bundan savayı daxili işlər orqanlarında və prokurorluqdakı “öz” adamlarının xidməti də elə “obşak”dan ödənir. Yerli “obşak”ın pulunu bir neçə qanuni oğrudan ibarət oğru icması bölüşdürür. Amma regional kassaların vəsaiti elə regional “sxodka”larda bölünür.
Oğru dünyası iqtisadi şpionajın həyata keçirilməsinə də dəhşətli pullar sərf edir. Yüksəkixtisaslı mütəxəssislər müxtəlif sənaye müəssisələrinin, sığorta qurumlarının, şirkətlərin “rentgeni” ilə məşğul olaraq obyekt barədə bütün məlumatları toplayırlar. Həm müəssisə, həm ona rəhbərlik edən şəxslərin həyatında bircə dənə qaranlıq məqam belə qalmır. Bütün bu məlumatlar “zakonnik”lərin qabağına qoyulur, onlar isə tədqiqat obyektinin fəaliyyətindəki boşluqları o dəqiqə aşkarlayaraq, gələcək fəaliyyətləri üçün zəmin yaradırlar.
***
… 60 yaşlı “Tsirul” ləqəbli Pavel Zaxarov Moskva ətrafının bahalı rayonlarından birində üçmərtəbəli mülk ucaldaraq, onu ikimetrlik beton hasarla əhatəyə almışdı. Tsirul Moskva “obşak”ına baxırdı. 1995-ci ildə Federal Təhlükəsizlik Xidmətinin döyüş bölməsi Paşa Tsirulun malikanəsinə hücum etdi və içəri soxulan əməliyyat iştirakçıları Rusiyanın ən yaşlı oğrusunun yaşadığı təmtərağa məəttəl qaldılar: alman santexnikası, ən müasir videotəchizat, nadir tablo, antikvariat və kitablardan ibarət böyük kolleksiya… Axtarış vaxtı “zakonnik”dən tapança da çıxdı. İstintaqda Tsirul bəyan elədi ki, tapançanı onun əşyalarının arasına əməliyyatçılar atıblar ki, “bratva” qarşısında hörmətdən salsınlar…
Yeni oğrular öz sələflərindən fərqli olaraq, özləri demək olar ki, “işə” çıxmırlar. Reket, müxtəlif maliyyə fırıldaqlarını ətraflarındakı sıravi adamlara tapşırırlar. Bu cür oğrunu, avtoriteti zonaya yollamaq müşkül bir işə çevrilir. Çünki bir qayda olaraq nə şahid tapılır, nə də ki, sübut. Oğru bir qayda olaraq, öz “malyava” və “ksiva”larından savayı heç nəyə imza atmır. Əgər onları həbs etmək belə istəsən, cəmiyyətin ən nüfuzlu şəxsləri bir göz qırpımında etiraz səslərini ucaldırlar.
Reketçlik və silah gəzdirməkdə ittiham olunan Paşa Tsirul istintaq başlayandan iki ay sonra məhkəməyə gətirilərkən tanınmış vəkillərin səyi nəticəsində yalnız narkotikdən istifadə etməkdə günahlandırılırdı…və bir neçə həftədən sonra məhbəs kamerasında dünyasını dəyişdi…Onun saxladığı “obşaq”da onlarla oğrunun, avtoritetin pulları qorunurdu. Həmin milyonların haraya qeyb olduğu indiyədək sirr olaraq qalır.
… Oğru klanı milislə, prokurorluqla, Təhlükəsizlik Xidmətilə hər cür əlaqələrə nifrət edir və belə cəhdlər cəzasız qalmırdı. “Zakonnik” istintaq vaxtı biclik işlədərək özünü əməliyyatçılarla əməkdaşlıq edən kimi göstərə bilərdi, amma bu, yalnız başqa bir oğrunu, avtoriteti zərbədən yayındırmaq üçün edilsəydi, məqbul sayılırdı. “Zakonnik”lərin milisə və ümumiyyətlə, hüquq-mühafizə orqanlarına nifrəti bineyi-qədimdən gəlirdi. Təsadüfi deyil ki, tatuirovkaların azı yarısı elə bu nifrətə həsr olunmuşdu. Ümumiyyətlə, SİZO-dan kənarda qanuni oğrunun milislə hər bir kontaktı əskiklik kimi qiymətləndirilirdi. Öz işinə sadiq, yüksək mənəviyyatlı əməliyyatçıların hörmətini saxlasalar da, nifrətlərini gizlətmirdilər. Milisə nifrət o dərəcədə idi ki, “zakonnik” hətta avtomobil qəzasına düşmüş “mentə” belə yardım əlini uzada bilməzdi.
Milis işçiləri və təhlükəsizlik orqanları ilə əlaqəyə görə “blatnoylar”ı ən ağır sanksiya – ölüm gözləyirdi. Belə bir hadisə məlumdur ki, 1972-ci ildə Voronejli qanuni oğru Vladimir Qubanovu istintaq vaxtı şantaj edə bilmişdilər. İstintaq onun törətdiyi qətl hadisəsinin üstünü açmışdı. Məlum olmuşdu ki, “Qlupıy” ləqəbli qanuni oğru ad almamışdan oğurluq üçün girdiyi mənzilin qəflətən oyanmış sahibini qətlə yetirib. Bu əməlinə görə Qubanova ölüm cəzası kəsilməliydi. Müstəntiqlər oğruya söz verirlər ki, özünün “podelnik”ləri barədə danışsa, güllədən canını qurtara bilər. Onları Qubanovun bütün “podelnik”ləri deyil, oğurluq əşyaların alveri ilə məşğul olan bir “barıqa” maraqlandırırdı. Əvvəlcə Qlupıy bu məsələni müzakirə etməkdən ümumiyyətlə, boyun qaçırtdı. Amma iş yekunlaşdırılıb, məhkəmə üçün hazır olanda əməlli-başlı həyəcanlandı. Oğrunu artıq istintaqa çağıran da yox idi. Qubanov istintaq təcridxanasının nəzarətçisi vasitəsilə müstəntiqə “malyava” çatdıraraq, onunla görüşmək istədiyini bildirdi…
İki gündən sonra Qlupını həyatının sonuncu dindirməsinə çağırdılar. Müstəntiq yalnız bunu dedi ki, vətəndaş Qubanov, iş-işdən keçib.
Qarşıda məhkəmə dururdu. Məhkəmədə isə oğru vəkilinin köməyi ilə güllələnmədən can qurtara bildi. Vəkil “qəsdən adam öldürmə” maddəsini “ölümə səbəb olan ağır bədən xəsarəti yetirmə” maddəsinə dəyişə bilmişdi. Residivistə 13 il iş verdilər, o da çox yüksək əhval-ruhiyyədə zonaya yollandı. Amma Qubanovun milislə şəxsi kontaktı oğruların diqqətindən yayınmamışdı. Bir neçə aydan sonra onun cəsədini zonun mexaniki sexində tapdılar. Kriminal avtoritetin başı bir-neçə tonluq presin altında qalıb əzilmişdi. Prokurorluğun gəldiyi qənaət çox yığcam oldu: “təhlükəsizlik texnikasının kobud şəkildə pozulması…”
Ardı var…
Bəhram Çələbi
www.yenicag.az