“Onları qətlə yetirənlər bu günə qədər cavab verməyiblər”
AŞPA-nın yanvarın 29-da keçirilən iclasında “Avropada media azadlığının qorunması” məruzəsi ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.
Q. Paşayeva çıxışında deyib: “Mən deputat olmazdan əvvəl uzun illər müxbir işləmiş və bir sıra münaqişə bölgələrində fəaliyyət göstərmiş jurnalist olaraq öncə məruzəçinin münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərə hücumları pisləməsini dəstəkləyərək hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərməliyik. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü zamanı münaqişə zonasında olan və ya işləyən jurnalist dostlarını itirən bir şəxs kimi bunun nə qədər vacib olduğunu bildirmək istəyirəm. Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev, Osman Mirzəyev və bir çox jurnalistlər məhz peşə fəaliyyətini yerinə yetirərkən erməni silahlıları tərəfindən qətlə yetiriliblər. Onları qətlə yetirənlər bu günə qədər ədalət qarşısında cavab verməyiblər və hələ də Ermənistanda rahat gəzirlər. Bu jurnalistlər Ermənistanın işğal etdiyi Azərbaycan bölgələrində ermənilərin dinc insanlara qarşı törətdiyi cinayətləri, yüz minlərlə insanın öz evindən köçkün salınmasını dünyaya yaydıqları üçün məqsədli şəkildə qətlə yetiriliblər. Mən Assambleyamızı və məruzəçini bu məsələyə də diqqət yetirməyə çağırıram”.
Milli Məclisin üzvü Azərbaycanda mətbuat və media azadlığı sahəsində görülən işlərdən də danışaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini 24 il əvvəl təkrar qazanmış və demokratik dövlət quruculuğu yolunu tutmuş bir ölkədir. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün problemləri bu məsələyə lazımi qədər diqqət ayırmağı mümkünsüz etsə də, 20 ildən artıqdır ki, mətbuat və media azadlığına böyük önəm verilir. Bu istiqamətdə çoxsaylı işlər görülüb və islahatlar davam edir. Q.Paşayeva kütləvi informasiya vasitələrinə dövlət dəstəyini artırmaq üçün xüsusi qurumun yaradılmasını, bütün dünyada olduğu kimi, Azərbaycanda da internet medianın geniş yayılması ilə çətin günlərini yaşayan qəzetlərə yardımlar ayrılmasını buna misal göstərib.