Oqtay Əsədov Çexiya prezidenti ilə görüşüb
Çexiyada səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov bu ölkənin prezidenti Miloş Zemanla görüşüb.
Məlumata görə, görüşdə ölkələrimiz arasındakı əlaqələr, bu əlaqələrin inkişaf etdirilməsi, qanunverici orqanların bu sahəyə verdiyi töhfələr və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
O. Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri həmçinin Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Milli Məclisin deputatları bu ölkənin qanunverici orqanlarının fəaliyyəti ilə yaxından tanış olaraq, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
O. Əsədov Deputatlar Palatasının sədri Yan Hamaçek və Senatın sədri Milan Ştexlə görüşüb. Görüşlər zamanı parlamentlərarası əlaqələrin hazırkı səviyyəsi, gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, dostluq qruplarının fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları barədə söhbətlər də aparılıb.
Səfər çərçivəsində keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri Fərid Şərifov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər. (qafqazinfo.az)