“Ortaq türk dilinin əsas məqsədi türk xalqları və cumhuriyyətlərinin vahid kulturoloji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ortaq türk əlifbasının yaradılması barədə danışan professor Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, ortaq türk əlifbası məsələsinin gündəmə gəlməsi təsadüfi deyil.
“Bu yeni məsələ də deyil. Ən azı 100-150 il olar ki, bu mövzu gündəmdədir. Çünki türk xalqlarının mənəvi, iqtisadi, siyasi, sosial birliyi gücləndikcə bu məsələ həmişə gündəmdə olur. 100 il əvvəl Bakıda keçirilən 1-ci türkoloji qurultayda da bu əlifba məsələsi gündəmdə olmuşdu. İndi bu gün ortaq türk dili məsələsindən danışılır. Ortaq türk dilinin əsas məqsədi türk xalqları və cumhuriyyətlərinin vahid kulturoloji məkanda inteqrasiya məsələlərinin həllinə yönəlib. Ona görə də hazırda əlifba axtarışları, ortaq türk dili ilə bağlı müzakirələr aparılır. Düşünürəm ki, bunlara normal yanaşılmalıdır”, – deyə o əlavə edib.
Professor qeyd edib ki, konkret irəli sürülən əlifba layihəsinə gəldikdə önəmli olan odur ki, əlifba elə olmalıdır ki, onda yazıb pozmaq heç kim üçün problem olmasın:
“Qazax, qırğız, qaqauz və digər türkdilli xalqlar da bu əlifbada yazıb poza bilsinlər. Burada spesifik səslərdən də söhbət gedir. Düşünürəm ki, bunlar elmi müzakirələr əsnasında həll oluna biləcək məsələlərdir. Vahid türk dili məsələsinə gəlincə bu da zaman-zaman bizdə də aktuallaşır. Bununla da bağlı vahid fikirlər var ki, məsələn Anadolu türkçəsini götürərək, onun əsasında ortaq ünsiyyət dili yaratmaq məsələsi də gündəmdədir. Belə proseslərin getməsi çox yaxşıdır. Düşünürəm ki, vahid qənaətə gəlmək üçün çox müzakirələr aparılmalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az