“Oskar”dan filmlərdə süni intellekt QADAĞASI: Azərbaycanlı aktyordan bu addıma REAKSİYA
“Oskar” mükafatının verilməsi qaydaları dəyişdirilib. Ssenarisinin yazılmasında süni intellektdən istifadə olunan, həmçinin kadrlarında canlı insandan deyil, generasiya olunmuş obrazlardan istifadə edilən filmlər müsabiqəyə buraxılmayacaq.
Yenicag.az-a açıqlama verən aktyor Reşat Kəsəmənli Amerika kinosunun özünü süni intellektin təsirlərindən qorumasını uğurlu addım kimi dəyərləndirib:
“Ağıllı iş görürlər. Çünki insanın təbii mimikasını, vəziyyətə uyğun davranışını heç bir süni intellekt əvəz edə bilməz. İnsan hər vəziyyətə uyğun davranır, emosiyalarını nümayiş etdirir. Bu, süni intellektlə mümkün olmayan bir işdir; sadəcə müəyyən oxşarlıq ola bilər. Ad çəkməyəcəm, bu yaxınlarda süni intellektlə çəkilən bir filmdə mən öz simamı və bir neçə aktyorun simasını gördüm. Süni intellekt istər-istəməz özü axtarıb tapır, tarixi filmlərdə oynamış obrazların simalarını avtomatik olaraq təqdim edir. Niyə məni və digər həmin aktyorları elə o filmə dəvət edib, normal bir film çəkmirlər? Amma süni intellektlə çəkirlər. Anlayıram, büdcəyə, maddiyyata görə ola bilər. Sanki süni intellekt bu işlə məşğul olan insanları xərclərdən qurtarır. Buna da sevinirlər ki, müəyyən xərclərdən canımız qurtardı və süni intellektlə film çəkəcəyik. Vallah, o süni intellektin çəkdiyi film aktyorların iştirakı ilə çəkilən filmlərin effektinin heç yarısını verməyəcək. Hollivud, “Oskar” təşkilatçıları bu mənada gözəl bir addım atıb. Nəinki “Oskar”, ümumiyyətlə, bütün nüfuzlu beynəlxalq festivallar süni intellektdən istifadə olunmuş filmləri qəbul etməməlidir”.
Cəvahir













