"Qafqazın Xirosiması"ndan "ağıllı şəhər"lərə - Aqil Ələsgər Prezidentin dünyaya mesajından yazdı
Şübhəsiz ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının məhz Bakıda keçirilməsi təsadüfi seçim deyil, Azərbaycanın qlobal miqyasda artan siyasi çəkisinin, beynəlxalq etimadının və strateji əhəmiyyətinin açıq nümayişidir.
Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının Bakıya toplaşması bu həqiqəti bir daha təsdiqlədi: COP29-dan sonra dünya yenidən üzünü Azərbaycana çevirdi. Bu forum artıq təkcə şəhərsalma tədbiri deyil, Azərbaycanın regional gücdən qlobal platformaya çevrilməsinin siyasi göstəricisidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın inkişaf modelini belə ifadə etdi:
“Qədimliklə yenilik arasında təbii vəhdət mövcuddur”.
Bu mesaj Azərbaycanın tarixini qoruyaraq modernləşdiyini açıq göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, forumun əsas siyasi və strateji xətti Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq oldu.
Prezident təsadüfən “Ağdamı Qafqazın Xirosiması adlandırırdılar” demədi. Bununla işğalın miqyası dünyaya göstərildi, amma əsas mesaj bundan sonra gəldi:
“Torpağın həqiqi sahibləri məhz belə qurur”.
Cəmi 5 ildə:
• 70 km tunel;
• yüzlərlə körpü;
• 3 beynəlxalq hava limanı;
• yollar, dəmir yolları;
• məktəblər, xəstəxanalar;
• “ağıllı şəhər” layihələri inşa edildi.
Artıq 85 mindən çox insan Qarabağda yaşayır və işləyir. Bu, təkcə bərpa deyil, yeni regional inkişaf modelidir.
Onu da qeyd etmək lazımdır ki, bəzi çevrələrin yağışı və hava şəraitini manipulyasiya etməsi, süni intellektlə hazırlanmış saxta videolar və montaj görüntülərlə “Bakının iflic olduğu” görüntüsü yaratmağa çalışması isə iflasa uğradı.
Məqsəd Azərbaycanın beynəlxalq uğurunu kölgələmək idi. Amma reallıq tam əksini göstərdi: forum rekord iştirakla keçirildi və hər keçən gün iştirakçı sayı da, foruma maraq da artan xətt üzrə inkişaf edir.
BMT rəsmiləri də təşkilatçılığı yüksək qiymətləndirdi. UN-Habitat rəhbəri Anaklaudia Rossbaxın sözləri bunu təsdiq edir:
“Heç bir forum bu qədər geniş qlobal auditoriyanı bir araya gətirməmişdi”.
Bu bütün təxribatlara verilən ən tutarlı cavab oldu.

Bəs WUF13 Azərbaycana nə qazandıracaq:
• Beynəlxalq nüfuz;
• İnvestisiya imkanları;
• Qarabağın yenidənqurulmasının qlobal təqdimatı;
• Urbanizasiya və “ağıllı şəhər” əməkdaşlıqları qazandırır.
Əsas nəticə isə budur: Azərbaycan dünyaya bir daha göstərdi ki, bu dövlət dağıdan yox, quran dövlətdir. Bunu görmək üçün Qarabağa, bir vaxtların Xrosimasına baxmaq kifayətdir…













