!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Komitəsindəki istefaların SƏBƏBLƏRİ: Səfirlik qarşısında piket, möhtəkirlik, alver

!Reklam – Yazi

Qarabağ Komitəsində yaranan fikir ayrılıqları nəticəsində istefalar baş verib.

Komitədən keçmiş daxili işlər naziri İsgəndər Həmidov, keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl, Gələcək Azərbaycan Partiyasının (GAP) rəhbəri Ağasif Şakiroğlu və digərləri istefa veriblər.

İstefa verənlərdən İlham İsmayıl Yenicag.az-a açıqlamasında bildirib ki, o, İdarə Heyətindən istefa verib.

İlham İsmayıl qeyd edib ki, yaxın günlərdə tamamilə istefa verəcək:

“Ümumi yığıncaqda İsgəndər Həmidov dedi ki, “mitinqə icazə verilməsini sükutla qarşılayırıq, belə möhtəkirliyə, alverə getmirəm. Yeni yaratdığım Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsi yaradıb, orada fəaliyyət göstərəcəm”. İsgəndər Həmidovdan sonra GAP sədri Ağasif Şakiroğlu istefa verdiyini elan etdi. Yığıncaqdan əvvəl Komitənin İdarə Heyətinin hazırlıq iclasında gündəlik məsələ müəyyənləşdi. Gündəlik məsələdə Gürcüstan səfirliyinin qarşısında piket keçirilməsinin əleyhinə oldum. Dedim ki, Gürcüstan səfirliyinin qarşısında piket keçirmək Qarabağ Komitəsinin prioritet məsələsi deyil. Qarabağ Komitəsi Gürcüstan səfirliyinin qarşısında piket keçirməməlidir, xüsusilə icazəsiz piket. Kim istəyir, gedib keçirsin. Akif Nağı xüsusi müqavimət göstərdi ki, “bu, mənim təklifim olduğu üçün etiraz edirsiniz”. Mən də dedim ki, əgər belə başa düşürsünüzsə, bu, öz işinizdir, İdarə Heyətindən istefa verirəm və istefa verdim də. Sıravi üzv kimi Komitədə qalmışam, yaxın vaxtlarda sıravi üzvlükdən də istefa verəcəm”.

İlham İsmayıl bildirib ki, Qarabağ Komitəsinin tərkibində həqiqətən də, Qarabağ sevənlər, Qarabağ üçün canından keçməyə hazır keçmiş döyüşçülər var:

“Onların hamısına uğurlar diləyirəm. Bundan sonrakı fəaliyyətim Qarabağla bağlı olacaq. Fəaliyyətimi öz camaatımızla, elim-obamla bir yerdə həyata keçirəcəm. Qarabağ camaatının maariflənməsində əlimdən gələni edəcəm. Xalqı sülhə hazırlamaq siyasətinin ilk hədəfi Qarabağ camaatıdır. Mən də Qarabağ camaatı ilə iş aparacam və onlar da bilsinlər ki, bizə bütöv Qarabağ lazımdır”.

Qarabağ Komitəsinin dağılma ehtimalına gəldikdə isə İlham İsmayıl bunları deyib:

“Qarabağ Komitəsinin xeyli üzvləri var. Komitənin dağılmağına inanmıram. Baş verənlər də bəzi adamların mövqeyindən irəli gələn məsələlərdir. Bu, əvvəl-axır baş verməli idi”.

Qarabağ Komitəsindən istefa verənlərdən İsgəndər Həmidov saytımıza açıqlamasında bildirib ki, Qarabağ ətrafında möhtəkirlik, alver olduğuna, eləcə də ülvi işi siyasətə qatıb, oyun oynadıqlarına görə istefa verib:
“Qarabağ hamımızındır. Qarabağ üzərindən alver etmək olmaz”.

Sonda İsgəndər Həmidov qeyd edib ki, Azərbaycan Xalq Hərəkatının tərkibində Qarabağ Komitəsi yaradılacaq:

“Birinci gün AXH-nin iclasında bu məsələni müzakirə edib, səsə qoyub komitəni yaradacağıq. Qarabağ heç kimin dədəsinin malı deyil, Qarabağ Azərbaycan xalqınındır”.

Səxavət Məmməd

www.yenicag.az

3738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv