“Səhiyyə sahəsində əsas məsələlərdən biri icbari tibbi sığortanın fəaliyyət sahəsinin genişləndirilməsidir”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlərin artıq başa çatan təbliğat-təşviqat kampaniyasındakı çıxışlarında səhiyyə ilə bağlı məsələlərə yanaşmalarını dəyərləndirən professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasının gedişində həm iqtisadi, həm də ictimai həyatın digər sahələrində aktual olan problemlərə toxunublar:
“Bu sahələrdə əsas inkişaf direktivləri müəyyən edilib. Prezidentliyə namizədlərin çıxışlarında səsləndirilən fikirlərdə icbari tibbi sığortanın tətbiqinin və əhalinin ondan faydalanma mexanizminin daha da təkmilləşdirilməsi əsas istiqamətlərdən biri idi. Yəni səhiyyə sahəsində əsas məsələlərdən biri icbari tibbi sığortanın fəaliyyət sahəsinin genişləndirilməsidir.
Bu isə özlüyündə sosial müdafiənin mühüm elementidir. Səhiyyə sistemində mülkiyyət formalarından asılı olaraq – yəni dövlət, özəl, bələdiyyə, yaxud da sığorta səhiyyə sistemləri arasında bütün assosiativ əlaqələrin lazımi səviyyədə qurulması, səhiyyənin vahid sistemə çevrilməsi, donor bankının yaranması və sair problemlər də öz həllini tapmalıdır.
Bir sözlə, səhiyyə sahəsində qarşıda reallaşdırılması vacib olan ciddi işlər dayanır. Hər şeyin daha da yaxşıya doğru irəliləyəcəyindən əminik”.
Nəsimi Ələsgərli
www.yenicag.az