“Belə bir vəziyyətdə müxalifətin vahid namizədinə xaricdən dəstək də alına bilərdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda prezident seçkilərinin tarixinin önə çəkilməsini şərtləndirən səbəblərdən biri kimi göstərilən “Xaricdən mümkün müdaxilə” məsələsinə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ekspertin fikrincə, mövcud şəraitdə Azərbaycana xaricdən hər hansı formada müdaxilə riski haqqında danışmaq üçün əsas yoxdur:
“Növbədənkənar seçkilər təyin ediləndə irəli sürülən arqumentlərdən biri prosesə xaricdən müdaxilənin mümkünlüyü ilə bağlı idi. Ancaq konkret deyilmirdi ki, hansı ölkə və necə bu prosesə müdaxilə edə bilər?
Əslində, ölkəyə kənardan müdaxilə böyük mənada baş verib və bunun nəticəsində ərazilərimizin 20 faizi işğal olunub. Bundan daha ciddi və təhlükəli hansı müdaxilə ola bilər ki?
Eyni zamanda, qonşu ölkələrin hansından müdaxilə gözlənildiyi də məlum deyil. İrandan, yoxsa Rusiyadan? Əgər söhbət bu tip müdaxilədən gedirsə, dediyim kimi, o hal 25 ildir ki, mövcuddur.
Mənə belə gəlir ki, bu, mahiyyəti açıqlanmayan bir “arqument”dir. Siz də görürsüz ki, növbədənkənar seçkilərin elan edilməsindən təqribən üç həftə keçsə də, heç bir müdaxilə yoxdur və gözlənilmir.
Düzdür, Azərbaycandan kənarda bəlli proseslər gedir. Ancaq o proseslərin Azərbaycana hələ ki təsiri yoxdur və olması üçün də xeyli zamana ehtiyac var. Ən əsası, belə bir ehtimal da hələ ki, ciddi şəkildə ortaya çıxmayıb”.
Həmsöhbətimiz hesab edir ki, seçki kontekstində xaricdən prosesə siyasi müdaxilə gözləntisini də birmənalı qiymətləndirmək doğru olmazdı:
“Rusiya Azərbaycan seçkiləri üçün namizəd hazırlayan deyildi. Çox mümkün idi ki, Azərbaycan müxalifəti toparlanaraq, vahid namizəd müəyyənləşdirsin və seçkilərə birləşmiş qüvvələrlə qatılsın.
Bu vəziyyətdə müxalifətin vahid namizədinə xaricdən dəstək də alına bilərdi. Hakimiyyət də bu məqamları, iqtisadi tendensiyaların neqativ yönünü və digər səbəbləri nəzərə alaraq, növbədənkənar seçkilərə getməyə qərar verdi”.
A. Zeynalov
www.yenicag.az