20 Yanvar metrosu istiqamətindən Arxiv idarəsi ( Ayna Sultanova heykəlinin yanı – red.) istiqamətinə hərəkət edən 2 saylı “Baku Bus” avtobusları artıq 1 aya yaxındır ki, gecikmələrlə hərəkət edir.
Nəticədə, yaşlı, əliuşaqlı sərnişinlər saatlarla yolda qalır ki, bu da haqlı narazılığa səbəb olur.
Sərnişinlərin sözlərinə görə, əvvəllər 10 dəqiqə intervalla gələn avtobusu son ay ərzində 40 dəqiqə gözləməyə məcbur olurlar. 38 yaşlı Aliyə Fərəcova həkimdir. Dediyinə görə, sözügedən marşrutdan hər gün istifadə edir:
“İnanın, hər gün stress keçirirəm. 2 saylı avtobus o qədər gec gəlir ki, nə işə, nə də evə vaxtında gedib çata bilmirəm. Düz 1 aydan çoxdur ki, bu zülmü çəkirəm. Əvvəllər belə deyildi. Xüsusən də axşamlar evə gedib çıxa bilmirəm. 40-50 dəqiqədənbir gələn avtobusda o qədər adam olur ki, camaat minə bilmir. Get-gedə də havalar soyuyur. Dayanacaqda o qədər adam olur ki… Qoca, əliuşaqlı qadınlara yol verə-verə avtobusa minə bilmirəm. Dərdimi kimə deyim?”
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev gecikmələrin yollarda yaranan tıxaclara görə baş verdiyini deyib. O, bildirib ki, yol kənarında dayanan nəqliyyat vasitələri avtobusların hərəkətini məhdudlaşdırır:
“2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların intervalında baş verən gecikmələr “BakuBus” MMC-dən asılı olmayan səbəblərdən yaşanır. Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən avtobuslar müxtəlif ərazilərdə sıxlığa düşür və ya tıxaclarda qalır. Avtobuslar əsasən Yusif Səfərov küçəsi (Ali Məhkəmənin qarşısı, Neftçilər xəstəxanasının qarşısı və s.), Tbilisi prospektində (hər iki istiqamətdə) tıxaca düşürlər. Həmçinin, taksilər, yol kənarında saxlanılmış avtomobillər və digər nəqliyyat vasitələri də avtobusların rahat hərəkət etməsinə və dayanacaqlara vaxtında çatmasına mane olur. Əvvəlcədən təyin edilmiş interval 5-6 dəqiqə aralığındadır. Bəzən bizdən asılı olmayan səbəblərə görə, intervallar arasında uzanmalar olur”.
Elvin Paşazadə
www.yenicag.az