“Çox istəyirəm, vaxtilə repertuarda olan, sonradan çıxarılan gözəl səhnə əsərlərinə yenidən müraciət olunsun”.
Bu sözləri Yenicag.az-a açıqlamasında növbəti doğum gününü qeyd edən Xalq artisti Rafiq Əzimov deyib.
Ömrünü tetar və kinoya həsr edən aktyor səhhətində yaranan problemlərə görə səhnədən müvəqqəti ayrı düşdüyünü vurğulayıb:
“Mənə belə gözəl qisməti yazdığına görə doğum günümdə ilk təşəkkürümü Allaha etdim. Məhz sənətimdə qazandığım uğurların nəticəsidir ki, xalqımın mənə bu qədər dərin sevgisi var.
Dekabrda ayağımdan əməliyyat olundum. Bununla bağlı hələ də səhhətimdə müəyyən problemlər var. Həkim ev şəraitində müəyyən fizioterapiya prosedurları təyin edib. Buna görə hələ səhnəyə çıxa bilmirəm.
Sağ olsunlar, teatrın rəhbəri və yaradıcı heyət məni təbrik etdi, “sağal, səni yenidən səhnədə gözləyirik”, – dedilər. Arzularım çoxdur. Çox istəyirəm ki, vaxtilə repertuarda olan, sonradan çıxarılan gözəl səhnə əsərləri yenidən repertuara daxil edilsin.
Eyni zamanda, tamaşaçılarımı yeni rollarla sevindirmək arzusundayam. Aktyor səhnədən kənarda susuz balıq kimidir. Məni də yaşadan bu səhnədir. Bu sənət elədir ki, ona xəyanət etsən, mütləq səndən intiqamını alacaq. Heç vaxt bu sənətə xəyanət etmədim. Yəqin ki yaxın vaxtlarda məni yenidən səhnədə görəcəksiniz”.
Cəvahir
www.yenicag.az