Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələri və sakinlərlə görüş keçirib, onlara ərzaq yardımları paylanıb.
RİHB-nin müavinlərinin, şöbə müdirlərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Suraxanı rayonu üzrə bölmənin müdirinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Adil Əliyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ölkə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir çox dövlətlər Xocalıda baş verənləri soyqırım kimi tanıyır.
O, diqqətə çatdırıb ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Ölkə başçımız cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Tədbirdə Xocalıdan olan sakinlər də çıxış edərək dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildiriblər.
Sonda Suraxanı rayonunda məskunlaşmış Xocalıdan olan ailələrə ərzaq sovqatları verilib.
www.yenicag.az